Dünən Voleybol Federasiyasının idman zalında İdman Araşdırmalar Mərkəzinin (İAM) təşkilatçılığı ilə 5 mart – Bədən Tərbiyəsi və İdman günü, 8 mart – Beynəlxalq Qadınlar gününə həsr olunmuş mini-turnir keçirildi.
Newsport.az-ın məlumatına görə, saat 18.00-da başlayan yarışda TV, qəzet və idman saytlarının əməkdaşlarından ibarət komandalarla yanaşı, “Azəryol”un məşqçilər korpusundan ibarət heyət mübarizə apardı.
Sonda televiziyaçılar qələbə qazandı və İAM-ın rəhbəri Elşən Məmmədov komandanın kapitanı İlkin Fikrətoğluna kuboku verdi. Qalib komandanın üzvü olan Ramiz Mirzəzadə isə turnirin ən yaxşı voleybolçusu kimi mükafatlandırıldı. 8 martla bağlı xanımlar da unudulmamışdı. Onlara gül dəstələri və hədiyyələr təqdim olundu. Yekunda xatirə şəkli çəkdirildi.
Qeyd edək ki, tədbirin informasiya dəstəkçisi "Report" İnformasiya Agentliyi və Sportnet.az portalı, sponsoru isə "Kolizey İnşaat" olub.