Sabiq dünya lideri və Brisban turnirinin lideri Rocer Federer (İsveçrə)1/4 finala yüksəlib. Qadınların yarışında isə artıq yarımfinalçılar bəllidir.
Newsport.az saytının məlumatına görə, Federer 1/4 final uğrunda Almaniya təmsilçisi Tobias Kamkeni üstələyə bilib. Rocer asanlıqla, 55 dəqiqənin yekununda 6-2 6-1 hesablı qələbəni aktivinə yaza bilib. 1/4 finalda Federer Qriqor Dimitrov (Bolqarıstan) ilə üzləşəcək. İkincisi 1/4 final uğrunda çətin mübarizənin yekununda serbiyalı Viktor Troitskidən 5-7 7-6 (8/6) 6-2 hesabı ilə üstün olub.
Kişilərin 1/4 finalçıları bəlli olduğu halda, qadınların yarışında artıq yarımfinalçılar bəllidir. Sabiq dünya lideri Viktoriya Azarenka (Belarusiya) yarımfinalçıdır. Azarenka 1/4 final mərhələsində, US Open 2015 finalçısı Roberta Vinçini (İtaliya) mübarizədən kənarlaşdırıb. Azarenka 6-1 6-2 hesablı qələbəni aktivinə 1 saat 18 dəqiqənin yekununda yaza bilib.
Azarenka final uğrunda turnir sensasiyasına çevrilmiş Samanta Krauford (ABŞ) ilə üzləşəcək. Krauford turnir 7-cisi Belinda Bençiç (İsveçrə) və sabiq TOP 10 tennisçisi Andrea Petkoviç (Almaniya) kimi tennisçiləri keçə bilib. Digər yarımfinalda Anjelika Kerber (Almaniya) və Karla Suarez Navvarro (İspaniya) üzləşəcəklər.