Azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimov Qazaxıstan milli komandasının heyətində dünya çempionu olub.
Newsport.az saytının məlumatına görə, 22 yaşlı Nizat bu uğura ABŞ-ın Hyuston şəhərində imza atıb. 77 kq çəki dərəcəsində yer alan Rəhimov birdən 165 kq, təkanla 201 kq ağırlığın öhdəsindən gələrək, iki hərəkətin cəmində 372 kq nəticə göstərib. KXDR təmsilçisi Kvanq Sonq Kimin də toplam nəticəsi eyni olub. Amma Qazaxıstan millisinin üzvü öz çəkisinin (75,88 kq) şimali koreyalıdan (76,76 kq) az olması üzündən qızıl medala sahib çıxıb.
Məlumat üçün bildirək ki, bu çəkidə Azərbaycanı təmsil edən Elxan Əliqulizadə 357 kq (154+203) 6-cı, Əfqan Bayramov 324 kq (140+184) 29-cu yeri tutub.
Xatırladaq ki, Hyustondakı dünya çempionatının əvvəlki yarış günlərində Boyanka Kostova (58 kq) qızıl, Valentin Xristov (62 kq) bürünc medala sahib olub. Onların hər ikisi əslən bolqarıstanlıdır. Firudin Quliyev (69 kq) 5-ci, Silviya Angelova (48 kq) 34-cü yerlə kifayətlənib.