Dünən "Neftçi" Topaz Premyer Liqasının XXII turu çərçivəsində "Qəbələ"ni səfərdə 3:1 hesabı ilə məğlub etdi. Mübarəkdi!
İlk yarıda məğlub olan bakılılar fasilədən sonra 3 qola sevindilər. Bunlardan ikisi Samir Məsimov oyuna daxil olduqdan sonra vuruldu. 20 yaşı avqustda tamam olacaq Məsimov 23 yaşlı Araz Abdullayevi əvəzlədi. O, "Qəbələ"yə qarşı görüşdə 30 dəqiqə oynamaq şansı qazandı.
Hər iki futbolçu yarımmüdafiənin sağ cinahında oynayır. Biri (Araz) solaxay, digəri daha fəal şəkildə sağ ayağını işlədir. Azərbaycan futbolunun bəlalarından biri də futbolçularımızın "iki ayaq" olmamasıdı.
Dünya futbol praktikasında nadir hallarda solaxay futbolçunun sağ cinahda oynamasını müşahidə etmək olar. Başqa sözlə, bu, nonsensdi! Abdullayevin bu cinahda oynamasının yeganə səbəbi cinahla irəliləyib, cərimə meydançası həndəvərində mərkəzə doğru şığıyaraq qapıya zərbə endirməsidi. Bunu kor da görür, lal da deyir, kar da eşidib. Məgər "Neftçi" ilə oyundan öncə rəqib komandanın məşqçiləri heç olmasa öncəki oyununun videoyazısını izləmir? Əlbəttə ki, izləyir. Abdullayevin işlək ayağını bağlamaq müdafiəçilər üçün su içmək kimi bir şeydi. Sadəcə, sol ayağını bağlamaqla onun əsas silahını əlindən almaq olduqca asandı.
Bəs Abdullayev sol cinah yarımmüdafiəçisi mövqeyində oynasa necə? Sürəti hesabına cinahla irəliləmək şansı qazanmaqla yanaşı, yarımmüdafiəçi cərimə meydançasına iti ötürmələr də edə bilər. Ortaya sual çıxır: "Eyni vəziyyətdə müdafiəçi yenə onun sol ayağını bağlaya bilməz"? Xeyr, bağlaya bilməz! Çünki Arazın seçim imkanı genişlənir. Belədə, işlək olmayan sağ ayağı ona cərimə meydançasının mərkəzinə doğru irəliləyərək, komanda yoldaşlarına qısa ötürmə vermək imkanı yaradacaq. Az-çox futbol oynamış hər kəs bilir ki, işlək olmayan ayaqla qısa ötürmə etmək daha asandır, nəinki qapıya zərbə endirmək və ya 30-35 metrdəki komanda yoldaşını "mərmi" ilə təmin etmək. Deməli, belədə, Abdullayevin hər iki ayağının xidmətindən maksimum yararlanmaq mümkündü.
Bu, həm də "bir gülləylə iki dovşan vurmaq" deməkdi. Çünki Araz sol cinaha çəkildikdə, əks tərəfdə istedadlı Samir Məsimovun daha çox oyun praktikası qazanmasına şərait yaradılmış olar. Nəzərə alsaq ki, Samir oyunu ilə bu hüququ haqq edib, əlavə şərhə də ehtiyac qalmaz.
O ki qaldı "bəs Vobay və Flavinyonu neyləyək", sualına, hər iki legioner böyük təcrübəyə malikdirlər və asanlıqla mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edə bilərlər. Bu belə.
İndi də keçək Arazla bağlı məsələnin ikinci tərəfinə. Ötən tur Abdullayev əvəzləndikdən sonra komandasının yanında oturmayaraq, birbaşa paltardəyişmə otağına, ordan da tribunaya yollanmışdı. "Ağ-qaralar"ın həm məşqçilər korpusu, həm də rəsmiləri burda qeyri-adi heç nəyin olmadığını bildirmişdilər. Havanın soyuq olmasını əsas gətirən eks-çempionun rəhbərliyi futbolçunun komandasına hörmətsizliyini ört-basdır etməyə çalışmışdı. Nədən çəkindiklərini deyə bilmərəm, mülahizə sürmək də istəmirəm. Ancaq fakt budur ki, Abdullayev üçün "Neftçi"nin oyunu yalnız özü meydanda olanda maraqlıdı. Maraqlıdır ki, bu dəfə əvəzləndikdən sonra havanın ötən turla müqayisədə daha soyuq olmasına baxmayaraq, Araz "üşümədi" və ehtiyat oyunçular skamyasına yollandı.
Əvəzlənərkən yenə də narazı qalan yarımmüdafiəçinin könlünü almağa qaçan Flavinyo onun "qəzəbini" soyuda bildi. Əlbəttə, "Neftçi" rəhbərliyi bu dəfə də dünya praktikasına üz tutaraq, bu cür halların baş verməsini misal gətirərək, yenə də ört-basdır edə bilərlər. Ancaq nədənsə bu anası ölmüş dünya praktikasında kimlərinsə Avropa miqyaslı klub turnirlərinin qalibi olmaq praktikasından bizim "Neftçi" istifadə etmir ki, etmir. Elə ən pisini görüb-götürmək biz azərbaycanlılara qalıb? Elədirsə, Erik Kantona azarkeşə şıllaq atmışdı, gəlin həmin praktikadan da istifadə edək. Nəyimiz fransızdan əskikdir?!
Abdullayevin klubdaxili işləri bir yana, dünənki qələbədən sonra həmkarlarımın ona müraciətinə də etinasız münasibət bəsləməsi müzakirə mövzusudu. Əlbəttə, hər bir futbolçunun hüququ var ki, açıqlama, müsahibə verməkdən imtina etsin. Ancaq bunu da müəyyən etik çərçivədə etmək gərəkdi. Ən azından bazar günlərini həmin Abdullayevin oyununu şərh etmək üçün avtobusla 7 saat yol qət edən qələm əhlinin müraciət etməsi qarşısında qılaqcıqları çıxarmaq gərək idi ki, futbolçu bunu da rəva görmədi. Nəzərə alsaq ki, jurnalistlər üçün Abdullayevin deyəcəkləri həyati əhəmiyyət kəsb etmir və onlar futbolçunun fikirlərini Arazsevərlər üçün öyrənməyə cəhd göstəriblər, futbolçunun fanatlarına hörmətsizlik etdiyini də qeyd etməliyik.
Abdullayev yaxşı futbolçudu. Ancaq atalar "ağac bar verəndə başını aşağı əyər", deyiblər. Əbəs yerə?
Ceyhun Əliyev