“Apreldə gəlin bəy evinə məhz buradan, təmtəraqla, el adət-ənənəsi ilə yola salındı"
“Hər dəfə məşqə gedəndə yolum “Gənclik" metrostansiyasının yaxınlığında yerləşən indiki “Gilavar" restoranının yanından keçirdi. Hər dəfə də orada bişirilən yeməklərin, ən çox da toyuq qızartmasının qoxusu məni birtəhər edirdi. Öz-özümə sual verirdim ki, İlahi, görəsən nə vaxtsa doyunca toyuq qızartması yeyəcəm?" Bu sözlər yeniyetmə yaşlarında internat müəssisəsində məskunlaşan, uşaqlığı əzab-əziyyət içində keçən yunan-roma güləşi üzrə Avropa çempionu, Dünya Çempionatının mükafatçısı, təcrübəli məşqçi Əli müəllimə aiddir. Əli Əliyev 1957-ci il oktyabrın 10-da Masallı rayonunun Ərkivan kəndində dünyaya göz açıb. Ailədə 3 uşaq olublar - 2 qardaş, 1 bacı. Əli müəllimin atası Müslüm kişi Böyük Vətən müharibəsi veteranı idi. Anası isə, Əli müəllim doğulanda dünyasını dəyişmişdi.
Müslüm kişinin müharibə əlili olması, anasızlıq uşaqların təlim-tərbiyəsinə, yaşayış tərzlərinə təsirsiz ötüşməmişdi. Dediyinə görə, onu kənd camaatı böyüdüb. Bir güləşçi kimi yetişməyində ərkivanlılar, ən çox da ilk məşqçisi Nadir Ağayevin rolu olub: “Özünü tərifləmək olmasın, uşaq vaxtı fiziki cəhətdən çox güclü və çevik idim. 1969-cu ildən güləşlə məşğul olmağa başlamışam. Nadir müəllimin kənddəki evinin zirzəmisində güləş zalı var idi. Bir qədər orada məşq keçdikdən sonra məşqçim məni yarışlara aparmağa başladı. İştirak etdiyim bütün turnirlərdə yer tuturdum".
Nadir müəllim balaca Əlinin daha yaxşı məşq etməsi və qayğılardan uzaq olması üçün onu 1971-ci ildə Bakıdakı 6 saylı Respublika İdman Təmayüllü İnternat Məktəbinə gətirib. Qeyd edək ki, həmin məktəb indi Respublika İdman Olimpiya Liseyi adı altında fəaliyyətini davam etdirir və bir çox dünya şöhrətli idmançılarımızın, futbolçularımızın, o cümlədən Elnur Məmmədli, Nazim Hüseynov, Şahin Diniyev, Tərlan Əhmədov, Arif Əsədov və digərlərinin idmançı kimi yetişməsində müstəsna rol oynayıb. Əli Əliyev internat məktəbində İsmayıl Çopçiyevin rəhbərliyi altında məşq keçməklə yanaşı, təhsilini də davam etdirib. İnternat Məktəbi sözün həqiqi mənasında Əli müəllimin doğma evinə çevrilib. Burada gördüyüyü qayğı və diqqətin nəticəsində uğurlar bir-birini əvəzləməyə başlayıb. 1976-ci ildə yeniyetmələr arasında SSRİ çempionu olan Əli müəllim həmin il SSRİ yığmasına cəlb edilib və İtaliyada keçirilən kişilər arasında beynəlxalq turnirin qalibi olub. Bir il sonra Avropa çempionatının qızıl, ardınca dünya birinciliyinin bürünc medalını boynundan asıb. Əli müəllim bu gün “Dinamo" İdman Cəmiyyətində gənclərə güləşin sirlərini öyrətməklə məşğuldur. Onlarla güləşçinin, o cümlədən Zəfər Qubadov, Vilayət Ağayev, İlqar Abdulov, Fuad Alıyev kimi pəhləvanların yetişməsində böyük əməyi olan təcrübəli mütəxəssis beynəlxalq dərəcəli idman ustasıdır. Vətən qarşısında göstərdiyi xidmətlərə görə, dövlət tərəfindən “əməkdar məşqçi" fəxri adı ilə təltif edilib, mənzillə təmin olunub. Əli Əliyev həm də polis podpolkovnikidir. Uşaqlıqda ana nəvazişi, lazımi ata qayğısı olmadan, ehtiyac içərisində böyüməsinə baxmayaraq, uğur qazanmağın mümkünsüz olmadığı fikrindədir. Əsas odur ki, dövlət və insanlar kimsəsiz, köməyə ehtiyacı olan uşaqlara qayğı və diqqətlə yanaşsın.
Dövlət Statistika Kömitəsinin 2015-ci ilə olan məlumatına görə, Azərbaycanda uşaqlar üçün 46 internat müəssisəsi fəaliyyət göstərir. Onlardan 4-ü körpələr evi (155 uşaq), 7-i uşaq evi (610), 11-i sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi internat məktəbi (2483), 2-i əqli cəhətdən geri qalan uşaqlar üçün internat evi (314), 22-i isə ümumi tipli internat məktəbidir (6435). Cari ilin əvvəlinə olan digər məlumata görə isə, internat müəssisələrində yetim və valideyn himayəsindən məhrum olan uşaqların sayı 611 nəfər təşkil edir. İnternat müəssisələrində məskunlaşan bütün uşaqlar dövlətimiz tərəfindən qayğı və diqqətlə əhatə olunub. Bu uşaqların layiqli vətəndaş kimi böyüməsi üçün onlara hər cür şərait yaradılıb. Amma gəlin etiraf edək ki, dövlət tərəfindən nə qədər diqqət ayrılsa da, heç nə uşağın ailə şəraitində, ata-ana qayğısı altında böyüməsinin yerini verə bilməz. İnsan həyatda 2 şeyi özü seçə bilmir - milliyətini və ata-anasını. İnternat müəssisələrində məskunlaşan uşaqlar azərbaycanlı olduqları üçün şanslıdılar. Valideyn himayəsindən mərhum olmaları isə... Təəssüf ki, dövrümüzdə ata, ana olan insanlardan heç də hamısı valideyn məsuliyyətini lazımınca dərk etmir. Məhz bu üzdən neçə-neçə uşaq düzgün təlim-tərbiyə almır. Elə hallar da olur ki, körpələr müxtəlif bədbəxt hadisələr nəticəsində hər iki valideynini itirirlər və həyatın çətinliklri ilə başabaş qalırlar. Yaxşı ki, dövlətimiz bu məqamda uşaqların dadına çatır, onları himayəsinə götürür.
İnternat müəssisələrində məskunlaşan uşaqların hər biri gələcəkdə layiqli vətəndaş kimi yetişməsi üçün onların düzgün fiziki və mənəvi tərbiyə, təhsil almaları şərtdir. Bəs, bu sahədə vəziyyət necədir? Bu məqsədlə yolumuzu Nizami rayonunda yerləşən 1 saylı Uşaq Evindən saldıq. Burada 120-ə yaxın uşaq məskunlaşıb. Doğrudur, onlardan heç də hamısı yetim deyil. Əksəriyyətinin ata-anası sağdır. Amma müxtəlif səbəblərdən, o cümlədən düzgün təlim-tərbiyə almaları üçün uşaq evində yaşayırlar. Müəssisənin təlim-tərbiyə işləri üzrə direktor müavini Mehriban Əhmədovanın sözlərinə görə uşaq evi körpələrin əsl evinə çevrilib: “Uşaq evinə 3 yaşından böyük uşaqları İcra Hakimiyyətinin sərəncamına əsasən qəbul edirik. Burada onların yaşamaları, təhsil almaları, vaxtlarını səmərəli keçirmələri üçün hər bir şərait var. Başqa sözlə, uşaq evi onların doğma evinə çevrilib. Körpələr yaxınlıqdakı 220 saylı məktəb-liseydə təhsil alırlar. Dərsdən sonra asudə vaxtlarını səmərəli keçirmək üçün hər cür şərait var. Məsələn, bizim müəssisədə 20-ə yaxın dərnək fəaliyyət göstərir - şahmat, rəsm, musiqi, ingilis dili, biçmə-tikmə, modelyer-dizayner, xalçaçılıq, bədii gimnastika və s. Hər bir uşaq istedadına görə müxtəlif dərnəyə üzv yazılıb. Uşaqlar müxtəlif dövlət əhəmiyyətli tədbirlərdə, yarışlarda iştirak edirlər, ekskursiyaya aparılırlır. Burada böyümüş neçə-neçə uşaq Əzim Əzimzadə adına Rəssamlıq Akademiyasına qəbul olublar. 2004-cü ildən indiyə kimi hər il aprelin 23-də 30-a yaxın rəqqasımız Türkiyədə təşkil olunan Uşaq Festivalında iştirak edir. Bu il festival İzmir şəhərində təşkil ediləcək və bizim uşaqlar orada bacarıqlarını nümayiş etdirəcəklər. Yay tətilində isə uşaqları Şüvəlandakı bağ evinə göndəririk".
1 saylı Uşaq Evi hələ SSRİ dövründən fəaliyyət göstərir. 2005 və 2009-cu illərdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunan müəssisədə uşaqlar yaşlarına görə 5 qrupa bölünüblər. Hər qrup müəssisə əməkdaşları tərəfindən gecə-gündüz nəzarətdə saxlanılır. Uşaqların səhhəti də daim diqqət mərkəzindədir. Müəssisədə 4 tibb bacısı və həkim daim uşaqların sağlamlığı ilə maraqlanır, nəzarətdə saxlayırlar. İllik tutulmuş proqrama əsasən müəllim heyəti və tərbiyəçilər uşaqların fiziki, estetik tərbiyə almaları ilə yanaşı, onların dərslərinə hazırlaşmalarına, asudə vaxtlarının səmərəli keçirmələrinə yardım göstərirlər.
Təhsil müəssisəsinə uşaqlar ailədən daxil olurlar. Başqa sözlə, uşaqların 1 və ya 2 valideyini və ya qohumları var. Buraya müxtəlif səbəblərdən götürülüblər. Kimisinin uşaqları saxlamağa maddi imkanı yoxdur, kimisinin isə düzgün təlim-tərbiyə verməyə qabiliyyəti. Mehriban xanım deyir ki, onların əsas məqsədi uşaqları 16 yaşına çatmamış valideynlərinə, qohum-əqrabalarına təhvil verməkdir: “16 yaşı tamam olan uşaq şəxsiyyət vəsiqəsi alanda orada ünvan kimi uşaq evinin göstərilməsini istəmirik. Bu, gələcəkdə uşağın psixologiyasına mənfi təsir göstərə bilər. Uşaqlara o dərəcədə qayğı ilə əhatə olunublar ki, burada özlərini evdəki kimi hiss edirlər. Amma gəlin razılaşaq ki, ailə tərbiyəsi tamam başqadır və hər bir uşağın bu tərbiyəni almağa haqqı var. Təbii ki, əgər valideynləri onu verə biləcək qabiliyyətdədirlərsə".
İstisna hallar da mövcüddür. Elə hallar var ki, uşaqlar 18 yaşına çatandan sonra üz tutmağa yerləri olmur. Bu təqdirdə də dövlət onların yardımına çatır. Elə uşaqlar yataqxanada məskunlaşırlar, işlə təmin olunurlar. Təsadüfi deyil ki, uşaq evinin əməkdaşlarının bir hissəsi vaxtilə burada tərbiyə almış uşaqlardır. 18 yaşlı yeniyetmələr uşaq evini nə vaxtsa tərk etsələr də, bura onlar üçün doğma ocaq olaraq qalır. Dediyimizə sübut olaraq bir misal gətirək. Bir il əvvəl internat müəssisəsinin qız məzunlarından biri ailə həyatı quranda elçilər “hə" üçün uşaq evinə gəlmişdilər. Həmin qızın toyu bu ilin aprelində oldu. Gəlin bəy evinə məhz uşaq evindən, təmtəraqla, el adət-ənənəsi ilə yola salındı.
Yazının əvvəlində Əli Əliyevdən bəhs etmiş, ondan sitat gətirmişdik. Ailədən çox internat tərbiyəsi görmüş qəhrəmanımız bu gün həm də nümunəvi ailə başçısı kimi tanınır. 3 övladı var - 2 oğlu, 1 qızı. Hər iki oğul atasının yolunu davam etdirir. Rüstəm Əliyev yunan-roma güləşi üzrə milli komandamızın üzvüdür. Müxtəlif beynəlxalq yarışlarda dəfələrlə fəxri kürsüyə qalxıb, Dünya Kubokunun sahibi, Avropa birinciliyinin mükafatçısıdır. Kiçik qardaşı Fuad isə hazırda hərbi xidmətdədir. Əli müəllimin çətinliklərlə dolu, valideyn qayğısından uzaq uşaqlığını yaşayan balacalar keçmişdə də var idi, təəssüf ki, bu gün də var, sabah olacaq. Bu, həyatın yazılmamış qanunu, gerçəkliyidir. Yetər ki, Azərbaycan var olsun. Var olduqca, yaşadıqca, kimsəsiz, köməyə ehtiyacı olan uşaqlardan nigaran qalmayacağıq.
İlqar TAĞIYEV
“Het-trik news” qəzeti