Beynəlxalq Autizm Mərkəzinin şagirdləri “Neftçi”nin qonağı olublar.
Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Palms Sports” Futbol Mərkəzində təşkil olunan görüş zamanı qonaqlar əvvəlcə təlim-məşq bazası ilə tanış olublar.
Daha sonra Anatoli Banişevski adına iclas otağında şagirdlərə “Neftçi” PFK-nın tarixi barədə məlumat verilib və klubun zəngin keçmişinə həsr olunmuş video-süjet nümayiş etdirilib.
Görüşün əyləncəli hissəsində uşaqlar istirahət otağında futbolçularla birlikdə müxtəlif oyunlarda iştirak ediblər. Ardınca onlar komandanın məşqini izləyib, hazırlıq prosesinin bir hissəsində meydana çıxaraq futbolçularla birlikdə futbol oynamaq imkanı əldə ediblər.
Görüşün sonunda “Neftçi” tərəfindən qonaqlara xüsusi hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkdirilib.