"Mingəçevir Reqatası-2026" beynəlxalq turnirində Azərbaycan növbəti medallarını qazanıb.
Newsport.az xəbər verir ki, yarışların növbəti günündə avarçəkənlərimiz aktivlərinə yeni mükafatlar yazdırıblar.
Belə ki, 2010-2011-ci il təvəllüdlü idmançıların mübarizəsində 200 metr məsafəyə iki nəfərlik kayak qayığı ilə yarışan Nizami Kərimov - Maqsud Mantayev cütlüyü fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Daha bir uğurlu nəticə isə 2008-2009-cu il təvəllüdlü idmançıların analoji yarışında qeydə alınıb. Bu yaş qrupunda çıxış edən Qiyas Əhmədov - Tengiz Qaqnidze tandemi bütün rəqiblərini qabaqlayaraq qızıl medala sahib çıxıb. Eyni yarışda qüvvəsini sınayan digər təmsilçilərimiz Sabir Ağayev - Mikayıl Vəliyev dueti isə turniri üçüncü sırada tamamlayaraq bürünc mükafatı təmin edib.
Xatırladaq ki, Azərbaycan idmançıları yarışın Füzuli və Mingəçevirdə baş tutan ilk iki günündə ümumilikdə 11 medal qazanmışdılar.
Turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən mübarizə aparır.