Ötən il 13 yaşadək futbolçular arasında "Neftçi" ilə "Xəzər Lənkəran" arasında final görüşü keçirildi. Bu matçda "Neftçi" qalib gəlsə də, sonradan əks cəbhədən çox böyük ittihamlar qarşı tərəfə irəli sürüldü. Belə ki, "Xəzər Lənkəran" tərəfi şəkillərlə "Neftçi"nin futbolçularının boyunun hündür olduğunu göstərərək onların "lipa" (futbolda yaşın azaldılması) olduğunu deməyə çalışdı.
Lakin bu ittihamlar təsdiqlənmədi. "Neftçi"nin "lipa" olmaqda günahlandırılan futbolçularından biri də Qurban Qurbanovun oğlu Musa Qurbanov idi. Qaynar.info uzun aradan sonra bu məsələyə yenidən qayıdaraq səbəbkarın bilavasitə özü ilə buna aydınlıq gətirməyə çalışıb.
Qurbanov 2002-ci il təvəllüdlü olduğunu bildirib: "Məncə, indi hər şey peşəkar səviyyədədir. Bizim hər bir oyunçunun sənədləri oyundan qabaq yoxlanılır. Ona görə də belə şey olsaydı, həmin oyundan sonra üstü açılardı. Çünki bütün sənədlər lazımi yerlərə təqdim olunub. Bunun üstünün bu qədər müddətdən sonra açılmaması mümkün deyil. Allah bir insanı belə, digərini isə başqa cür yaradıb. Burda nə var ki? Bizdə də bütün futbolçular ucaboy deyildi. Diqqətlə baxılsaydı, 3-4 futbolçunun boyu aşağı idi. Hələ ikinci hissədə bizdən oyuna yaşca balaca - 2003-cü il təvəllüdlü oyunçular daxil oldu. Qanuni sənəddə necə varamsa, elədir. Yenə deyirəm, "lipa" olsaydı, bu qədər futbolçumuzdan birinin sənədində bu aşkarlanardı. Oyundan sonra sənədlərimiz verildi. Hər şey qaydasında idi".