“Seçmə mərhələyə startımızdan çox razıyam. İnamlı qələbə qazandıq. Görüşün taleyini belə tez həll etdiyimiz üçün şadam”.
Qol.az-ın məlumatına görə, bu sözləri Norveçin 17 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Erland Yonsen yerli mətbuata açıqlamasında deyib. Avropa çempionatının seçmə mərhələsinin ilk oyununda millimiz üzərində qazandıqları 4:1 hesablı qələbəni şərh edən mütəxəssis komandasının çıxışından razı qalıb:
“Oyunun sonlarında tempi aşağı salsaq da, komandanın məhsuldarlığı məni sevindirir. Sona doğru rəqib bir neçə qol epizodu yaratdı. Bu da normaldır. Çünki 3:0-dan sonra nəticəyə oynayırdıq. Fasilədən sonra əla qol vurduq və topa daha çox nəzarət etməyə başladıq. Uşaqlar gözəl nəticə qazandılar. Ən əsası turnirə qələbə ilə başlamaq idi”.