“Bayern” və “Ayaks” 2027-ci il yanvarın 5-də Keniyanın paytaxtı Nayrobidə yoldaşlıq oyunu keçirəcəklər. ESPN-in Keniya prezidenti Uilyam Rutoya istinadən yaydığı məlumata görə, qarşılaşma 60 min tamaşaçı tutumuna malik yeni “Raila Odinqa İnterneşnl” stadionunun rəsmi açılış mərasiminin bir hissəsi olacaq.
Yeni arena Keniyanın Tanzaniya və Uqanda ilə birgə ev sahibliyi edəcəyi 2027-ci il Afrika Millətlər Kubokunun əsas stadionlarından biri olacaq. Turnir iyunun 19-dan iyulun 17-dək keçiriləcək. Yarış tarixdə ilk dəfə üç ölkədə təşkil olunacaq və 1976-cı ildən sonra ilk dəfə Şərqi Afrikaya qayıdacaq.
Ümumilikdə Avropa Çempionlar Kuboku və Çempionlar Liqasında 10 dəfə qalib gəlmiş “Bavariya” və “Ayaks” Nayrobidə ilk dəfə üz-üzə gələcəklər. Almaniya klubu üçün bu qarşılaşma Afrika bazarında mövqelərini gücləndirmək strategiyasının bir hissəsidir.
Çinin “China Road and Bridge Corporation” şirkəti tərəfindən inşa edilən stadion Keniyanın keçmiş baş naziri Raila Odinqanın şərəfinə adlandırılıb. Almaniyada təhsil almış Odinqa futbola böyük marağı ilə tanınıb. Arena hibrid ot örtüyü, 52 VIP-loja, eləcə də VAR və qolun müəyyənləşdirilməsi sistemləri ilə təchiz olunub.