Rafael Benites 2007-2010-cu illərdə “Liverpul” klubunun sahibi olmuş Tom Hiks və Corc Cillettlə yaşadığı münaqişə fonunda komandadan ayrılmasını xatırlayıb.
“Tom Hiks və Corc Cillett kluba gəldikdən sonra yanaşmalarını dəyişdilər. Sənin klubun xeyrinə gördüyün hər işə onların fərqli baxışı var idi. Nəyinsə qaydasında olmadığını başa düşdüm. Azarkeşlər isə bunu daha sonra anladılar.
Onların futbol sahəsində təcrübəsi yox idi. Yadımdadır, bir dəfə “Tottenhem”lə oyundan sonra Londonda Cillettlə söhbət edirdim. O mənə dedi: “Biz sənə pul verəcəyik, sən isə növbəti mövsüm bizi pley-offa çıxaracaqsan”. Mən ona izah etməli oldum ki, Premyer Liqada pley-off mərhələsi yoxdur.
Yəqin ki, onlar belə düşünürdülər: “Rafa bizim üçün təhlükədir”. Həmin dövr çox çətin keçdi. Amma mən həmişə yalnız klubun yaxşılığını istəmişəm”, – deyə Mersisayd təmsilçisinin sabiq baş məşqçisi bildirib.