Polşa millisinin sabiq hücumçusu Artur Viхnyarek yığmaya dəvət edilən “Sabah”ın müdafiəçisi Timoteuş Puxaçın yığmada qarşılaşdığı münasibətdən narazılığını bildirib.
Newsport.az xəbər verir ki, 49 yaşlı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında özünün də vaxtilə bu rəftarla üzləşdiyini etiraf edib.
O, UEFA Millətlər Liqasında Rumıniya (1:2) ilə oyunda meydana çıxmayan Puxaçın daha artığına layiq olduğunu düşünür: “Milli komandada mənə də indi Puxaça göstərilən münasibət göstərilirdi. Mən bir ötürməni səhv edə bilməzdim. Dərhal üstümdən xətt çəkirdilər. Bunu şəxsi təcrübəmə əsaslanaraq deyirəm, çünki belə münasibətlə üzləşən futbolçuların özlərini necə hiss etdiyini, komandaya lazım olmadıqlarını düşündüklərini yaxşı bilirəm. Millinin futbolçularının yarısına hətta baş məşqçini də istefaya göndərdikdən sonra yenə zəif oyun göstərməyə icazə verilir. Onlar üçün yenə yer tapacaqlar. Amma öz üzərində çalışan, komandaya qayıdan, Çempionlar Liqasında çıxışı ilə müəyyən arqumentlər ortaya qoyan futbolçuya tam bir axmaq kimi münasibət göstərilir”.
Qeyd edək ki, Polşa millisi növbəti oyununu bu gün evdə İsveçə qarşı keçirəcək.