AFFA-nın baş katibi Cahangir Fərəcullayev və milli komandanın baş məşqçisi Ayxan Abbasov Andorra ilə oyunöncəsi jurnalistlərlə görüşüb.
Newsport.az xəbər verir ki, baş katib media nümayəndələri ilə görüşdə millinin nəticələri haqqında danışıb:
“Statistik məlumatlara baxanda gördüm ki, Azərbaycan millisi bu il ən az məğlubiyyət alan komandalar sırasındadır. Rəqiblərin səviyyəsi yüksək olmasa da, statistika statistikadır. Millətlər Liqasında D Liqasına hazırlaşmalı idik və buna görə nisbətən zəif rəqiblərlə üz-üzə gəldik. Yalnız Maltaya uduzmuşuq, digər komandalarla ya heç-heçə etmişik, ya da onlara qalib gəlmişik. Bunlar arasında yalnız Bakıda Lixtenşteynlə bərabərliyi mənfi nəticə kimi qeyd etmək olar”.
Fərəcullayev yığmanın oyun üslubundan söz açıb:
“Oyun üslubu barədə danışmaq istəmirəm. Belə bir fikir var ki, biz “qorxaq” futbol oynayırıq, amma bu, belə deyil. Əlimizdəki heyətə uyğun futbol oynayırıq. Hücum xəttində çətinliklər yaşadığımız üçün praqmatik yanaşmaya üstünlük veririk. Əsas məqsəd qələbə qazanmaqdır. Lixtenşteynlə oyunda çox qol vura bilmədik, amma onlar da uzun müddətdir ki, qapılarında çox qol görmürlər – hətta “mikro-dövlətlər” belə öz futbollarını inkişaf etdirirlər”.
Baş katib yığmanın Andorra ilə oyunundan gözləntilərini bölüşüb:
“Bu gün Andorra ilə qarşılaşırıq. Bakıda keçirilən U-15 Dünya Çempionatı zamanı komandamız andorralılara qarşı 1:0 hesablı qələbə qazanmışdı. Hələ o vaxtdan andorralı gənclər də əsas komandaları kimi müdafiəyə əsaslanan üslubda oynayırdılar. Sıx müdafiə olunan rəqiblərin arxa xəttini yarmağa çətinlik çəkirik. Çünki adətən yığmamız rəqiblərlə duellərdə “ikinci nömrə” kimi oynayıb. Bunu dəyişdirmək istəyirik.
Vəziyyəti başa düşürük, məsələlərə real yanaşmalıyıq. Ən aşağı nöqtəyə düşmüşük və indi qalxmalıyıq. Bu, bir anda olan məsələ deyil. Müəyyən proses var, sistemi dəyişməyə çalışırıq. Çox geriləmişdik. İndi D Liqasında birinci yeri tutmuşuq və bunu uğur hesab edirik. Hədəfimiz bu idi və çatdıq”.
Fərəcullayev azarkeşlərlə münasibətdən, futbola sərmayə qoyulmasından danışıb:
“Azarkeşlərlə ünsiyyətdə olmalıyıq. Biz Braziliya və ya Xorvatiya deyilik… Bizim vəzifəmiz aşağıdan yuxarı qalxmaqdır. Seçim edə biləcəyimiz oyunçu bazası çox məhduddur. Fərqlənən bir oyunçu var: Mahir Emreli. O, rəqabətli bir liqada əsas heyət üzvüdür və yaxşı formadadır.
Hövsanda qısa müddətdə nə qədər meydançalar inşa edildi. Bu, özünü reklam və ya PR deyil; FİFA Hövsandakı işlərin sürətinə və keyfiyyətinə həqiqətən heyran qaldı. Kompleks cəmi 66 günə inşa edildi. İndi gənc oyunçularımız orada məşq edə və oynaya biləcəklər. Tez-tez deyirlər ki, süni örtüklü meydançalarda zədələnmə riski təbii ot örtüyünə nisbətən xeyli yüksəkdir – bu, sadəcə bir mifdir. Əgər süni örtük yüksək keyfiyyətlidirsə, zədələnmə riski baxımından fərq cəmi 1,5 faiz təşkil edir. Hətta “Barselona” və “Ayaks” kimi klublar da süni meydançalardan istifadə edirlər, çünki təbii ot örtüyünə qulluq etmək daha bahalı başa gəlir. Messi, Xavi və İnyesta – hamısı “Barselona”da karyeralarına süni örtüklü meydançalarda başlayıblar. Hazırda AFFA-nın təkbaşına stadionlar inşa etmək imkanı yoxdur. Avropa standartları ilə müqayisədə, AFFA-nın büdcəsi orta göstəricidən aşağıdır. Gəncə və Xankəndidən sonra, Gənclər və İdman Nazirliyinin Naxçıvanda da stadion tikmək planları var.
“Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev potensialı gördü və hərəkətə keçdi. Bizə hər regionda Ehtiram Quliyev kimi insanlar lazımdır. “Şahdağ-Qusar” ikinci “Turan Tovuz”a çevrilə bilər. “Gəncəbasar” klubunda da yaxşı işlər görülür. Nəzərə almaq lazımdır ki, liqalarımızdakı klubların əksəriyyəti demək olar ki, heç bir gəlir əldə etmir. Əgər dövlət dəstəyi dayandırılarsa, klub futbolumuz uçuruma yuvarlanar və klub səviyyəsindəki yarışlar baxımından təxminən Gürcüstanla eyni səviyyəyə düşərik”.