İngiltərə millisinin sabiq hücumçusu Ueyn Runi alkoqoldan imtina etməsinin səhhətinə və ailə həyatına müsbət təsir göstərdiyini bildirib.
“Artıq altı aydır spirtli içki qəbul etmirəm. Həyat yoldaşım Kolin də xoşbəxtdir. Evliliyimiz baxımından münasibətlərimiz indi daha yaxşı və daha xoşbəxtdir. Bu, əlbəttə ki, çox vacibdir. O, daha yaxşı göründüyümü deyir. Psixoloji baxımdan da özümü xeyli yaxşı hiss edirəm. Düşünürəm ki, hazırda çox yaxşı vəziyyətdəyəm.
Alkoqoldan imtina etmək qidalanmama da müsbət təsir göstərib. Yəqin ki, heç vaxt indiki qədər sağlam qidalanmamışam. Yenidən məşqlərə də başlamışam və bütün bunlar bir-biri ilə əlaqəlidir. Çəki itirmək dərinin vəziyyətinə müsbət təsir edir, alkoqoldan uzaq durmaq isə ümumi sağlamlıq üçün faydalıdır”, – deyə Runi bildirib.
Qeyd edək ki, 40 yaşlı sabiq futbolçu son altı ayda 19 kiloqram arıqlayıb.