“Mançester Yunayted” azarkeşlərinin etimad qurumu (MUST) Maykl Kerrikin baş məşqçi vəzifəsindən istefaya göndərilməsi ilə bağlı bəyanat yayıb.
Newsport.az xəbər verir ki, qurum 45 yaşlı ingiltərəli mütəxəssisin klubdan ayrılmasını növbəti kədərli hadisə kimi qiymətləndirib.
“Maykl Kerrikin gedişi “Mançester Yunayted” üçün daha bir kədərli məqamdır. Ona gördüyü işlərə və ötən mövsümün ikinci yarısında bizə yenidən ümid verdiyinə görə təşəkkür edirik. Azarkeşlər arasında onun nüfuzu dəyişməz olaraq qalır.
Son həftələrdə azarkeşlərin Kerriki dəstəkləməkdə davam etməsinin səbəbi odur ki, onlar klubun problemlərinə görə məsuliyyətin təkcə onun və ya əvvəlki baş məşqçilərin üzərinə düşmədiyini başa düşürlər. Əsas günah klubun sahiblərindədir.
Qleyzerlər ailəsinin klubu borc vəsaitləri hesabına alması “Mançester Yunayted”in üzərində ağır yük olaraq qalır. INEOS şirkəti kluba gəldikdə idman nəticələrini ən yüksək səviyyəyə çatdıracağını vəd etmişdi. Lakin rəhbərlikdəki davamlı dəyişikliklər tamamilə fərqli nəticələrə səbəb oldu. Artıq klubun sahiblərinin izahat vermək və məsuliyyəti öz üzərinə götürmək vaxtıdır.
Stretford End tribunasında asılan “Bizimlə davranışınız biabırçılıqdır” yazılı banner bir növ xəbərdarlıq idi. “Old Trafford” stadionunda indiyədək görünməmiş gücdə etiraz səslərinin eşidilməsi, eləcə də son həftələrdə aparıcı futbolçuların açıq tənqidləri daha dərin böhranın göstəricisidir. Bütün bunlar klubda parçalanmanın artdığını, azarkeşlər, futbolçular və rəhbərlik arasındakı əlaqələrin ciddi sınaqla üzləşdiyini göstərir”, – deyə bəyanatda bildirilib.
Qeyd edək ki, “Mançester Yunayted” bu gün Maykl Kerrikin baş məşqçi vəzifəsindən ayrıldığını açıqlayıb.