“Sabah”ın polşalı futbolçusu Timoteuş Puxaç “Barselona”nın gənc ulduzu Lamin Yamal barədə fikirlərini bölüşüb. Newsport.az xəbər verir ki, Polşanın “Meczyki” nəşrinin “YouTube” kanalına danışan 27 yaşlı müdafiəçi ispaniyalı futbolçunun oyununu yüksək qiymətləndirib.
“Sabah” noyabrın 25-də UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda “Barselona”nı qəbul edəcək. Sol cinah müdafiəçisi kimi çıxış edən Puxaçın həmin görüşdə Yamalı qarşılamaq ehtimalı var.
Polşalı futbolçu rəqibinin bacarığından xəbərdar olduğunu bildirib:
“Yamal çox yaxşı, möhtəşəm futbolçudur. Görək, nə olacaq. Ona bir qədər fərqli yanaşıram, çünki o, mənim heyranlıqla izlədiyim futbolçular nəslinə aid deyil. Lamin mən özüm futbol oynadığım vaxtlarda üzə çıxdı. Buna görə də ona fərqli baxıram, onu ideallaşdırmıram.
Əgər rəqibimiz Messi olsaydı, həmin oyundan əvvəl həyəcan keçirərdim. Çünki o, mənim üçün tamam başqa futbolçudur.
Düşünürəm ki, Lamin hazırda dünyanın ən yaxşı futbolçularından biridir, bəlkə də ilk beşlikdədir. O, həm sol, həm də sağ ayağı ilə oynamaq, hər iki istiqamətdə hərəkət etmək bacarığına malikdir. Bu, mənim üçün inanılmaz təcrübə olacaq”.
Qeyd edək ki, “Sabah” bu mövsüm tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələsində iştirak edir. Puxaç komandanın turnirə vəsiqə qazanmasında mühüm rol oynayıb və təsnifat mərhələsində 5 məhsuldar ötürmə ilə yadda qalıb.