Bakıda region cüdoçuları üçün təlim-məşq toplanışı başlayıb
Newsport.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışına start verilib.
Doqquz gün davam edəcək hazırlıq prosesinə müxtəlif bölgələrdən 60 idmançı (48 oğlan, 12 qız) cəlb olunub. Toplanışın əsas məqsədi cüdoçuların qarşıdakı Azərbaycan çempionatına hazırlıq səviyyəsini yüksəltmək, texniki-taktiki bacarıqlarını təkmilləşdirməkdir.
Məşqlər ACF-nin peşəkar məşqçilərinin rəhbərliyi ilə keçirilir. Proqram çərçivəsində texniki çalışmalar, fiziki hazırlıq və fərdi bacarıqların inkişafına yönəlmiş məşqlər nəzərdə tutulub.
Qeyd edək ki, ACF 2023-cü ildən etibarən regionlarda cüdonun inkişafı və perspektivli idmançıların hazırlıq prosesinə cəlb olunması məqsədilə müxtəlif bölgələrdə, eləcə də Bakıda mütəmadi təlim-məşq toplanışları təşkil edir. Bu ilin iyulunda Gürcüstanın Qori şəhərində də region cüdoçularının iştirakı ilə beynəlxalq təlim-məşq toplanışı keçirilib.
Hazırkı hazırlıq prosesi region idmançıları üçün Bakıda təşkil olunan ikinci təlim-məşq toplanışıdır.