“Xesus de Migelin ölümü məni Allaha şükür etməyə vadar etdi ki, o vaxt mənim başıma dəhşətli bir hadisə gəlməyib. Bəs belə bir şey mənim başıma gəlsəydi, nə olardı?”. Newsport.az xəbər verir ki, bunu İtaliya millisinin sabiq müdafiəçisi Marko Materazzi deyib.
O, “Tenerife”nin futbolçusu Xesus de Migelin vəfatından sonra 2006-cı il dünya çempionatının finalında Zinəddin Zidanla yaşadığı insident barədə danışıb.
2006-cı il dünya çempionu əlavə edib ki, Zidan həmin insidentə görə ondan heç vaxt üzr istəməyib. Materazzi “La Gazzetta dello Sport”a müsahibəsində fransalı futbolçu ilə sonrakı görüşünü də xatırlayıb:
“Bu, 2010-cu ilin noyabrında, Milandakı “Melia” otelində, “Milan” – “Real” (Madrid) oyunundan bir gün əvvəl baş vermişdi. Mourinyo ilə vidalaşıb oteldən çıxırdım, Zidan isə avtomobilini binanın arxa tərəfində park edirdi. Məni görəndə tərəddüd etdi və hətta uzaqlaşmaq istəyirmiş kimi davrandı. Mən özüm ona yaxınlaşaraq əlini sıxdım və “kənar gözlərdən uzaqda qarşılaşmağımıza şadam” dedim.
O isə mənə belə cavab verdi: “Narahat olma, belə şeylər olur, artıq keçmişdə qalıb”. Təəssüf ki, sonradan sözündən döndü və məni sadəcə bir azarkeşlə səhv saldığını iddia etdi”.
Qeyd edək ki, Zinəddin Zidan 2006-cı il dünya çempionatının finalında Materazzinin sinəsinə başı ilə zərbə endirdiyinə görə birbaşa qırmızı vərəqə almışdı. Həmin qarşılaşmada İtaliya penaltilər seriyasında Fransaya qalib gələrək dünya çempionu olmuşdu.