“Belə davam edə bilmərik” “Mançester Yunayted”in hücumçusu

“Mançester Yunayted”in hücumçusu Mateus Kunya komandanın turnir cədvəlindəki mövqeyindən narazılığını ifadə edib.

İngiltərə Premyer Liqasının 10-cu turunda “Aston Villa” ilə 4:4 hesablı heç-heçə edən “qırmızı şeytanlar” hazırda turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.

Newsport.az “Sky Sports”-a istinadən xəbər verir ki, braziliyalı futbolçu komandanın vəziyyətini şərh edərkən bunları deyib:

“Biz məyusuq. Son oyundan sonra qapımızda qollar görməmək və matça yanaşmamızı dəyişərək hesabı öz xeyrimizə çevirmək barədə çox danışdıq. Amma yenə eyni hal təkrarlandı, yenə qol buraxdıq. Buna yol verə bilmərik. “Mançester Yunayted” kimi oynamalı, irəli getməli, qol imkanları yaratmalı və daha cəsarətli olmalıyıq. Qol buraxdıqdan sonra xarakter göstəririk. Halbuki bunu oyunun əvvəlindən etsək, daha çox qələbə qazana bilərik.

Niyə erkən qollar buraxırıq? Bilmirəm. Hər kəs bu suala cavab tapmağa çalışır. Daha yaxşı olmaq və vəziyyəti dəyişə biləcəyimizi göstərmək istəyirik. Xarakterimizi ilk dəqiqələrdən ortaya qoymalıyıq.

Azarkeşlərin niyə məyus olduğunu başa düşürəm. Bu, tamamilə normaldır. Hamımız bunu anlayırıq. Meydanda olan bizik və vəziyyəti düzəltməliyik. Düşünmürəm ki, azarkeşlər bizə qarşıdır. Sadəcə, necə oynadığımızı və qalib gəldiyimizi görmək istəyirlər.

İlk növbədə, özümüzlə – futbolçular və məşqçilər heyəti ilə bağlı problemləri həll etməliyik. Bu, böyük klubdur və turnir cədvəlinin aşağı pillələrində, düşmə zonasına yaxın olmaq normal deyil. Yenidən əvvəlki səviyyəmizə qayıtmalıyıq. Qarşıda bizi çoxlu oyun gözləyir və hələ görüləsi çox iş var. Ötən mövsümlərdən nəticə çıxarmalıyıq. Belə davam edə bilmərik. Vəziyyəti dəyişmək üçün kifayət qədər güclüyük. Özümüz, komandamız və məşqçilər heyəti üçün mübarizə aparmalıyıq. Azarkeşlərdən isə indiyə qədər etdiklərini davam etdirmələrini xahiş edirik. Çünki onların dəstəyi bizə kömək edir”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right