"Burada olmağı çox istəyirdim və bunun üçün çox çalışmışdım" - Kaşuk

"Qarabağ"ın futbolçusu Aleksey Kaşuk Millətlər Liqası oyunları ərəfəsində Ukrayna milli komandasına ilk dəfə dəvət olunması ilə bağlı fikirlərini bölüşüb.

Newsport.az xəbər verir ki, federasiyanın mətbuat xidmətinə danışan 26 yaşlı vinger xoşbəxt olduğunu deyib:

"Bu, mənim üçün çox əlamətdar bir məqamdır. Çünki Ukrayna milli komandasına ilk dəfə dəvət alıram. Çox həyəcanlıyam, bunu uzun müddət idi ki, gözləyirdim. Millidə olmağın həm mənim, həm də ailəm üçün nə qədər sevindirici bir hadisə olduğunu dərk edirəm. Bu anın dadını doya-doya çıxarmaq istəyirəm.

Dəvət bir az gözlənilməz oldu. Amma insan həmişə belə bir fürsəti gözləyir, bunun üçün yaşayır və oynayır. Baş məşqçi məni milliyə dəvət etdiyinə görə, deməli, buna layiq olmuşam.

"Neftçi" ilə oyundan sonra komandanın inzibatçısı zəng edərək baş məşqçinin məni bu təlim-məşq toplanışına seçdiyini bildirdi. Bəzi sənədləri hazırlamağımı xahiş etdi və komandaya xoş gəldiyimi söylədi. Əvvəlcə bu, tamamilə gözlənilməz idi. Amma dediyim kimi, burada olmağı çox istəyirdim və bunun üçün çox çalışmışdım. Şansdan maksimum dərəcədə yararlanmaq üçün əlimdən gələni edəcəyəm.

Komanda məni çox səmimi qarşıladı, uşaqlar mənim adıma həqiqətən sevindilər, baş məşqçi isə şəxsən təbrik etdi. Bu, çox xoş bir jest idi. Məşqçilər korpusu digər liqalarda çıxış edən oyunçuları izləyirlər. Bu, hər kəsə öz bacarıqlarını nümayiş etdirmək, dəyərini sübut etmək və milli komandada yer qazanmaq üçün bir şansdır. Əgər yaxşı oynayırsansa, nəticə verirsənsə və komandan qalib gəlirsə, onların diqqət mərkəzində qalırsan və nəticədə milli komandaya qoşulmaq fürsəti yaranır.

Hazırda zirvədəyəm? Bunu demək çətindir, amma özümün ən yaxşı versiyasına çevrilmək yolundayam. Milli komandaya dəvət olunmaq ikiqat motivasiya yaradır. Bu, məni daha da yaxşı çıxış etməyə sövq edir".

Qeyd edək ki, Ukrayna millisi noyabrda UEFA Millətlər Liqasında iki oyun keçirəcək. "Sarı-göylər" Şimali İrlandiya (14 noyabr) və Gürcüstan (17 noyabr) ilə qarşılaşacaqlar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right