Qazaxıstanın Aktau şəhərində keçirilən cüdo üzrə Asiya Açıq Turnirinə start verilib.
Newsport.az xəbər verir ki, beynəlxalq yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu nəticələrlə yadda qalıb. Təmsilçilərimiz mübarizənin ilk günündə 4 gümüş və 4 bürünc olmaqla ümumilikdə 8 medala yiyələniblər.
Yığmamızın heyətində Nazir Talıbov (66 kq), Kamran Süleymanov (73 kq), Fəridə Mirzəyeva (52 kq) və Ülviyyə Bayramova (57 kq) bütün rəqiblərini üstələyərək finala yüksəliblər və həlledici görüşün sonunda turnirin gümüş medalını qazanıblar.
Kürsünün üçüncü pilləsinə isə Rəşad Yelkiyev (66 kq), Nəriman Mirzəyev, Rüfət Şövlətov (hər ikisi 73 kq) və Gülnarə Bayramova (57 kq) qalxaraq bürünc medallara sahib olublar.
İki gün davam edəcək beynəlxalq turnirdə 7 ölkədən ümumilikdə 182 cüdoçu çempionluq uğrunda mübarizə aparır.