“Qəbələ” Misli Premyer Liqasının VIII turunda doğma meydanda “Sabah”a 0:4 hesabı ilə məğlub olub.
Newsport.az xəbər verir ki, “qırmızı-qaralar”ın baş məşqçisi Yeton Bekiri matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
– Oyunu necə dəyərləndirirsiniz?
– Oyuna yaxşı başlamışdıq. Birinci hissədə qol epizodlarımız oldu, lakin onlardan yararlana bilmədik. Hissənin son saniyələrində standart vəziyyətdən qol buraxdıq. İkinci hissədə səhvlərə yol verdik. Son 15 dəqiqədə üç qol buraxdıq. Bu gün bir neçə futbolçumuz yox idi. Müdafiədə yaxşı oynaya bilmədik.
– Komandanız son iki oyunda 8 qol buraxıb. Problemin səbəbi nədir?
– Son iki matçda müdafiədə pis oynamışıq. Amma konkret hansısa mövqeni və ya futbolçunu günahlandırmayacağam. Bu, komanda səhvidir. Komanda şəklində problemləri aradan qaldırmağa çalışacağıq. Görüləsi işlərimiz çoxdur. Futbolçuların düşüncə tərzini dəyişmək lazımdır ki, həm müdafiədə yaxşı oynasınlar, həm də qol vursunlar.
– Matç bitdikdən sonra köməkçinizlə xeyli danışdınız. Nəyi müzakirə edirdiniz?
– Komanda haqqında müzakirələr aparırdıq. İki oyunda böyük hesabla uduzmuşuq. Bu gün də qol vura bilmədik. Problemlərimizi müzakirə edirdik. 73-cü dəqiqədən sonra üç qol gördük qapımızda. Komandanı necə düzəldə biləcəyimizi danışırdıq.
– Ardıcıl iki ağır məğlubiyyətdən sonra komanda “Araz-Naxçıvan”la matça necə hazırlaşacaq?
– Heç bir oyun asan deyil. Qalib gəlməyə çalışacağıq. “Araz-Naxçıvan”ın oyununu izləmişəm. Yaxşı komandadır. Ümumiyyətlə, Azərbaycan Premyer Liqasında bütün komandalar yaxşıdır, çempionatın keyfiyyəti yüksəkdir.