“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının VIII turunda “Neftçi” ilə keçirilən oyun barədə fikirlərini bölüşüb.
Newsport.az xəbər verir ki, 3:3 hesablı heç-heçəni şərh edən təcrübəli mütəxəssis qarşılaşmanın ədalətli nəticə ilə başa çatdığını bildirib.
Qurban Qurbanov hər iki komandanın azarkeşlərinə təşəkkür edib, həmçinin “Qarabağ”ın hazırkı durumu və qarşıdakı hədəfləri barədə danışıb.
“Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm ki, belə ab-hava yaratdılar. Bu, xüsusilə azarkeşlər üçün yaradılmış oyun idi. Bu gün heç bir klubun azarkeşləri məğlubiyyətə layiq deyildi. Buna görə düşünürəm ki, ədalətli nəticə idi.
Qarşımızda çox güclü, inamlı komanda var idi. Rəqibin öz oyununu göstərməsinə imkan vermirdilər. Bizim özümüzdə də çatışmazlıqlar var. Bəzi oyunçularımızın adaptasiya müddəti hələ tam başa çatmayıb. Amma mənə lazım olan onlarda xarakter görmək idi və bunu göstərdilər. Daha yaxşı oynamağa gücümüz var. İnanıram ki, növbəti oyunlarda daha yaxşı hazırlaşıb, yaxşı nəticələrlə futbolçularımızı ruhlandıra biləcəyik.
Qarşıda çox uzun marafon var. Oyunçularımın özlərini göstərmək üçün potensialları var. Onlara düzgün yanaşmağa çalışmalıyıq ki, rəqibləri yaxşı tanısınlar. Hazırda komandalar və rəhbərliklər arasında da böyük intriqa var.
Hazırda bir çox oyunçumuz var ki, avrokuboklarda iştirak etməyiblər. Ola bilər ki, nəticələrimiz ürəkaçan olmasın. Lakin avrokuboklar olsaydı, oyunçularımızın ora uyğunlaşması yaxşı olardı.
Futbolda belə bir şey yoxdur ki, hər il yaxşı olmalıyıq, amma bunu istərdik. Hər bir klubda böyük inam var. Ola bilər ki, bəzi titulları qazanmayaq, uğursuz olaq. Lakin çempionatımızın səviyyəsinin artması məni sevindirir. Bu, bizə daha çox inam verir”, – deyə baş məşqçi bildirib.