"Bukovina"ya transfer olunan Renat Dadaşov Ukrayna klubunun mətbuat xidmətinə müsahibə verib.
Newsport.az Azərbaycan milli komandasının üzvünün fikirlərini diqqətinizə çatdırır:
- "Bukovina"nın səninlə maraqlandığını öyrəndiyin an və hadisələrin bundan sonra necə inkişaf etdiyi barədə danışa bilərsən?
- Əvvəlcə mənə agentim zəng edib dedi ki, Ukraynada bir variant var. Onlar səninlə maraqlanırlar, nə düşünürsən?. O, klubun adını dedikdən sonra mən artıq "Bukovina" haqqında məlumat toplamağa başladım. Klub nümayəndələri ilə ünsiyyət qurdum və bu komandaya qoşulmaq ideyası xoşuma gəldi. Çernivtsı klubunun futbol baxışı, oyun modeli və baş məşqçinin işi mənə çox xoş gəlir. Keçidə hazırlaşarkən "Bukovina"nın çoxlu oyunlarına baxdım və klubun məni komandada görməyi nə qədər çox istədiyindən ilham aldım. Səmimi qəlbdən heyran qaldım. Və budur, mən artıq buradayam.
- Səni məhz "Bukovina" ilə müqavilə imzalamağa nə inandırdı?
- Artıq dediyim kimi, bu, məşqçilər korpusunun yanaşması və klubdakı insanların münasibətidir. Dərhal elə bir hiss yarandı ki, mən məhz bu klubda olmalıyam, çünki məni bura gəlməyə inandırmaq üçün hər şeyi yüz faiz etdilər. Qərarımda o qədər əmin idim ki, müqavilə imzaladım. Burada olmaqdan, "Bukovina"nın oyunçusu olmaqdan xoşbəxtəm.
- Klubumuzun heyətində milli komandanın hazırkı oyunçusunu görmək qeyri-adi hadisədir. Beynəlxalq təcrübən - Azərbaycan millisinin heyətində 45 matç və 7 qol komandamıza necə kömək edəcək?
- Milli komanda və klub tamamilə fərqli şeylərdir. Çoxları bunun eyni olduğunu düşünür, lakin bu, belə deyil. Milli komandada sən öz ölkəni təmsil edirsən. Klubda isə gündəlik işləyirsən. Mən milli komandada özümün ən yaxşı versiyası olmağa çalışdığım kimi, "Bukovina"da da özümün ən yaxşı versiyası olmaq istəyirəm. Əlbəttə ki, güclü milli komandalara və futbolçulara qarşı oynadığım üçün qazandığım bütün təcrübəni kluba da gətirə bilərəm. Orada sən ən yüksək səviyyəli oyunçulara qarşı bütün 90 dəqiqə ərzində konsentrasiyanı qoruyub-saxlamağı öyrənirsən. Ona görə də milli komandadan bu təcrübəni yeni komandaya daşımaq və meydanda "Bukovina"nın rəngləri uğrunda mübarizə aparmaq istəyirəm.
- Beynəlxalq karyeranda xüsusi an ötən ilin noyabrında Fransa millisinin qapısına vurduğun qoldur. Həmin matçı və qol vurandan sonra keçirdiyin emosiyaları xatırlaya bilərsən?
- Əlbəttə, hər şeyi detallarına qədər xatırlayıram. Matçın dördüncü dəqiqəsi - və mən Fransaya qol vuraraq hesabı 1:0 edirəm. Emosiyalar və adrenalin baş alıb gedirdi. Mənim üçün bütün qollar xüsusidir, lakin bu, həqiqətən də unikal qoldur, çünki matç Azərbaycanda keçirilirdi və bu, milli komandamızın tarixində Fransanın qapısına vurduğu ilk qol idi. Bu, gözəl təcrübə idi, belə şeyler unudulmur.
- Azərbaycan millisinin heyətində başqa hansı qol və ya qollar sizin üçün daha çox unudulmazdır?
- Doğrusunu desək, hər bir qol mənim üçün vacib və unudulmazdır. Çünki sən ailənin gəldiyi ölkə üçün qol vurursan. Məxsus olduğun, köklərinin gəldiyi ölkə üçün. Hərçənd mən Almaniyada anadan olmuşam, lakin özümü azərbaycanlı hiss edirəm. Ən unudulmaz qol kimi mütləq milli komandadakı ilk qolumu - Slovakiya millisinin qapısına vurduğum qolu adlandırardım. Həmçinin Fransa millisinin qapısına vurduğum qol. Bu iki top milli komandadakı yeddi qolumun zirvəsindədir. Ümid edirəm ki, bundan sonra daha çox olacaq.
- Tam bir il əvvəl sən Azərbaycan millisinin heyətində Ukraynaya qarşı oynayırdın. O zaman 12 ay sonra bizim ölkəyə köçəcəyini düşünə bilərdin?
- Düzünü desək, xeyr. Lakin mən futbolu məhz buna görə sevirəm. Çünki sabah harada olacağını heç vaxt bilmirsən. Bu, heyrətamiz təsadüfdür. Ukrayna millisinə qarşı həmin matçı əla xatırlayıram. Bu gün isə sarı rənglərdə oynayan klubla müqavilə imzalayıram. Bu, həqiqətən də çox əladır.
- Səni alman mentalitetli azərbaycanlı adlandırmaq olar, çünki sən Almaniyada anadan olub böyümüsən. Alman futbol mühiti sənin formalaşmağına nə dərəcədə təsir göstərdi?
- Almaniya məni tamamilə formalaşdırdı. 15 yaşımda akademiyaya köçdüm. Orada sərt intizamı və ağır zəhməti öyrədirlər. Sən səhər məşqlərini məktəbdə təhsillə birləşdirirsən, sonra yenidən məşqə gedirsən, axşam isə yenə təhsil. Bu, məni bu gün olduğum futbolçu kimi böyük ölçüdə formalaşdıran böyük intizam tələb edirdi.
- Almaniyanın U-17 millisində Kay Havertslə ("Arsenal") birlikdə çoxlu oyunlar keçirmisən. Həmin dövrdən nəyi xatırlayırsan?
- O zaman biz sadəcə uşaq idik və karyeramızın necə qurulacağını bilmirdik. Biz yeniyetmə futbolundan zövq alır, məhz Azərbaycanda keçirilən Avropa çempionatının seçmə mərhələsində oynayırdıq. Kay Haverts hələ birlikdə oynamaya başladığımız vaxtdan həmişə əla futbolçu olub. O, inanılmaz karyera qurub və qurmağa davam edir. Kay əla oğlan və top-oyunçudur. Eyni soyunub-geyinmə otağını böldüyümüzü və eyni səviyyədə çıxış etdiyimizi xatırlamaq mənə xoşdur.
- Sənin həmçinin "Ayntraxt", "Vulverhempton", Portuqaliya, İsveçrə, Türkiyə və Polşa klublarında zəngin klub karyeran var. Məhz klublardakı çıxışlardan danışsaq, sənin üçün hansı dövr daha çox unudulmaz və uğurlu olub?
- Hər bir hekayənin öz eniş-yoxuşları var. Bu, adi futbol həyatıdır. Hər ölkədə mən yeni bir şey əldə edirdim: yeni mədəniyyət, taktiki biliklər, müxtəlif məşqçilərdən təcrübə. Karyeramın hər hansı bir sevimli dövrü yoxdur, lakin İsveçrədə çox xoşuma gəldi. Orada alman dilində sərbəst ünsiyyət qura bilirdim ki, bu da adaptasiyamı sadələşdirirdi. Portuqaliyada da hər şey əla idi. Tanımadığım ölkəyə gəlmişdim, ancaq artıq il yarım sonra portuqal dilində sərbəst danışırdım. Hər dövrün öz yaxşı və elə də yaxşı olmayan epizodları olub. Lakin ümumilikdə hər komandada gözəl təcrübə qazanmışam.
- 20 yaşında dünyanın ən yaxşı liqasına düşdün, lakin "Vulverhempton"un heyətində Premyer Liqada debüt etmək nəsib olmadı. İngiltərədə özünü daha yaxşı büruzə vermək üçün şansın var idi??
- Düzünü desək, mən geriyə baxmağı və belə şeylər haqqında düşünməyi çox sevmirəm. Orada olmuşam, hər gün İngiltərə Premyer Liqası komandası ilə məşq etmişəm və bu səviyyəni içəridən görmüşəm. Müəyyən bir məqamda o zaman yaranmış şəraitə görə icarəyə getdim. Gənc futbolçu idim və oyun praktikasına ehtiyacım var idi. Lakin orada 3-4 il olmaq təcrübəsi özlüyündə heyrətamiz idi. Əlbəttə, rəsmi matçda oynamaq şansım olsaydı, imtina etməzdim. Lakin taleyin hökmü başqa cür oldu.
- Ukrayna Premyer Liqası, Ukrayna futbolu və bütövlükdə ölkəmiz haqqında nə bilirsən?
- Ukrayna futbolu haqqında çox şey bilirəm, çünki burada həmişə güclü klublar olub. Bundan əlavə, dostlarım Ukraynada oynayıblar, ona görə də çempionatı izləyir və matçlara baxırdım. Hətta əvvəllər yalnız sizin milli komandanıza qarşı oynamış olsam da, ölkənin özü haqqında da məlumatlı idim. İndi mən burada yaşayacağam. İndi gördüklərim çox xoşuma gəlir. Burada həqiqətən də hər şey çox gözəldir. Ukraynada olmaqdan zövq alıram. Artıq şəhəri bir az öyrənməyə imkanım olub, ona görə də qeyd edə bilərəm ki, Çernivtsı mənə xoş gəlir. Bura gözəl şəhərdir.
- "Bukovina"da məqsəd və ambisiyaların nələrdir? Klubumuzun azarkeşlərinə hansı mesajı çatdırmaq istəyirsən?
- Hər şeydən əvvəl, burada olmağımdan xoşbəxtəm. Əsas məqsədim komandaya kömək etməkdir, komanda da ümid edirəm ki, mənə kömək edəcək. Mən hücumçuyam və mənim işim qol vurmaq və komanda yoldaşlarıma ötürmələr verməkdir. Azarkeşlərə isə bir şeyi demək istəyirəm ki, sizin dəstəyiniz bizim üçün təsəvvür edə biləcəyinizdən qat-qat artıq məna kəsb edir. Oyunlarımıza gəlin, evdə və səfərdə bizi dəstəkləyin.