Federasiya prezidenti milli üzvləri ilə görüşdü

Sentyabrın 10-da Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev yeniyetmə və gənclərdən ibarət milli komandaların üzvləri ilə görüşüb. Newsport.az xəbər verir ki, federasiya prezidenti cüdoçuları 20–23 avqust tarixlərində Ekvadorun Quayakil şəhərində keçirilən yeniyetmələr arasında dünya çempionatında və 3–6 sentyabr tarixlərində Monteneqronun paytaxtı Podqoritsada təşkil olunan gənclər arasında Avropa çempionatında qazandıqları nəticələr münasibətilə təbrik edib. Rəşad Nəbiyev nəticələrlə yanaşı, idmançıların yarışlar boyunca, xüsusilə çətin məqamlarda göstərdikləri xarakterin də önəmini vurğulayıb. ACF prezidenti qeyd edib ki, bu nəticələr Federasiyada aparılan sistemli və hərtərəfli işin göstəricisidir və qazanılan uğurlarda məşqçi heyətinin, tibbi heyətin, digər mütəxəssislərin və ümumilikdə Federasiyanın bütün əməkdaşlarının əməyi var. O, əsas hədəfin yeniyetmə və gənclər səviyyəsində qazanılan uğurların gələcəkdə böyüklər arasında da davam etdirilməsi olduğunu bildirib. Rəşad Nəbiyev Federasiyanın əsas prioritetlərinin dəyişmədiyini, idman nəticələri ilə yanaşı, nizam-intizam və hörmət kimi cüdo dəyərlərinə sadiqliyin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Cüdoçulara əldə etdikləri nəticələrlə kifayətlənməməyi, daim öz üzərlərində çalışmağı, həmçinin idman karyerası ilə yanaşı təhsilə də önəm verməyi tövsiyə edib. Görüş çərçivəsində Rəşad Nəbiyev idmançılarla fərdi söhbətlər aparıb, onların hazırlıq prosesi və gələcək hədəfləri ilə maraqlanıb. Qeyd edək ki, Azərbaycan millisi yeniyetmələr arasında dünya çempionatında 1 qızıl və 1 gümüş medal qazanaraq 59 ölkə arasında ümumi komanda hesabında beşinci yeri tutub. Gənclərdən ibarət yığma isə Avropa çempionatını 3 qızıl və 2 bürünc medalla başa vuraraq 44 ölkə arasında ümumi komanda hesabında ikinci, oğlanlar arasında isə birinci olub.



Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right