“İnter Mayami”nin yarımmüdafiəçisi Rodriqo De Paul ilə “Çikaqo Fayr”ın hücumçusu Robert Levandovski MLS matçında (1:1) mübahisə edib.
Argentinalı futbolçu ilə daha əvvəl “Barselona”da çıxış etmiş polşalı hücumçu arasındakı gərginlik Çikaqodakı “Soldier Field” stadionunda keçirilən qarşılaşmanın son dəqiqələrində pik həddə çatıb.
“Marca”nın məlumatına görə, De Paul sözlü mübahisə zamanı Levandovskiyə “Sən kimsən, axmaq? Mən iki dəfə Amerika Kubokunu və dünya çempionatını qazanmışam. Bəs, sən?” deyib.
“GiveMeSport”un yazdığına görə, insident 89-cu dəqiqədə Levandovski ilə İen Frey arasında yaranan qarşıdurmadan sonra başlayıb. Oyunun bərpasına hazırlaşarkən futbolçular toqquşub və polşalı hücumçunun etirazına səbəb olan epizodda onun itələməsindən sonra Frey yerə yıxılıb. 24 yaşlı futbolçu ayağa qalxdıqdan sonra rəqibini daha sərt şəkildə itələyərək yerə salıb və cərimə meydançasına qayıdıb. Lakin Levandovski ayağa qalxaraq Freyin yanına gedib və mübahisəni davam etdirməyə çalışıb. Bu zaman De Paul müdaxilə edərək polşalı futbolçuya narazılığını bildirib. İki oyunçu üz-üzə gəldikdən sonra onların bir-birinə söz atdığı görüntülənib.