2027-ci il mayın 9-dan 13-dək keçiriləcək Bakı–Xankəndi Azərbaycan Velosiped Yarışına hazırlıq çərçivəsində yol infrastrukturunun vəziyyəti müzakirə edilib.
Newsport.az xəbər verir ki, Azərbaycan Velosiped İdmanı Federasiyasında (AzVİF) keçirilən görüşdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəhbər vəzifəli şəxsləri də iştirak ediblər.
Federasiyanın birinci vitse-prezidenti Sahib Ələkbərov ölkəmizin müasir yol infrastrukturuna malik olduğunu vurğulayıb. O, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) beynəlxalq yarışların təşkili zamanı yolların keyfiyyətinə və təhlükəsizlik tələblərinə xüsusi önəm verdiyini bildirib. Qeyd olunub ki, bu ilin mayında keçirilən yarışın iştirakçıları da Azərbaycanın yol infrastrukturunu yüksək qiymətləndiriblər.
Bununla belə, bəzi marşrutlarda, xüsusilə işğaldan azad edilmiş ərazilərdə bərpa və təmir işləri tam başa çatmayan hissələrdə müəyyən çatışmazlıqlar aşkarlanıb.
Görüşdə AAYDA İdarə Heyətinin sədr müavini Əli Hacıyev və Nəqliyyat İnfrastrukturunun İstismarı və Təmiri Departamentinin müdiri Şahin Mustafayev son aylarda yağan güclü yağışların marşrutların bəzi hissələrində yol infrastrukturuna ziyan vurduğunu diqqətə çatdırıblar.
Mövcud problemlərin aradan qaldırılması və zərurət yaranarsa, bəzi marşrutların dəyişdirilməsi üçün AAYDA və Federasiya əməkdaşlarının bütün yollara birlikdə yerində baxış keçirməsi barədə razılıq əldə olunub. Baxışın nəticələrinə əsasən, konkret qərarlar veriləcək.