“Neftçi” veteran futbolçularını təbrik etdi

“Neftçi”nin veteran futbolçuları Tərlan Əhmədov və Kamal Quliyev “Palms Sports” Futbol Mərkəzinin qonağı olublar.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, baş icraçı direktor Cenk Sümer və digər rəsmilərlə görüşən veteranlara yubileyləri münasibətilə xatirə hədiyyələri təqdim olunub. Tərlan Əhmədov 55, Kamal Quliyev isə 50 yaşının tamam olması münasibətilə təbrik edilib.

Tərlan Əhmədov müxtəlif vaxtlarda ölkəmizin klubları ilə yanaşı, Rusiya, İran və Ukrayna çempionatlarında da çıxış edib. O, 1989-1991 və 1998-2002-ci illərdə “Neftçi”nin formasını geyinib. Müdafiəçi “ağ-qaralar”ın heyətində 121 oyunda 6 qol vurub. Əhmədov 1999-cu ildə Azərbaycan Kubokunun qalibi olub və ilin futbolçusu seçilib. 1990-cı ildə SSRİ-nin yeniyetmələrdən ibarət yığması ilə Avropa çempionu olan futbolçu Azərbaycan millisində 75 oyun keçirib.

Kamal Quliyev də karyerası ərzində ölkəmizlə yanaşı, Ukraynada legioner həyatı yaşayıb. O, 1997-2002-ci illərdə “Neftçi”nin heyətində 142 matçda 24 qol vurub. Quliyev 1999-cu ildə Azərbaycan Kubokunu qazanıb. Yarımmüdafiəçi milli komandamızın formasını 47 dəfə geyinib.

Hər iki veteran 2011-2014-cü illərdə “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin köməkçiləri kimi fəaliyyət göstərib. Bu müddətdə flaqman 2012 və 2013-cü illərdə Azərbaycan çempionu olub. Komanda 2012/2013 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanaraq Azərbaycan futbolu tarixində ilkə imza atıb. Bundan başqa, “Neftçi” 2013 və 2014-cü illərdə Azərbaycan Kubokunun qalibi olub.

Tərlan Əhmədov 2017/2018 mövsümündə “Neftçi”nin baş məşqçisi vəzifəsində çalışıb. Onun rəhbərliyi altında komanda Azərbaycan çempionatının bürünc medalını qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right