Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi Rumıniyanın FCSB klubunun yarımmüdafiəçisi Olimpiu Morutanı rənglərinə bağlayıb. Bu barədə Buxarest təmsilçisinin sahibi Cici Bekali məlumat verib. O, 22 yaşlı vingeri "Qalatasaray"a satdıqlarını təsdiqləyib:
"Morutanı "Qalatasaray"a satdım. Təzminat olaraq 4,2 milyon avro alacağıq. Əgər "Qalatasaray" Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazansa, əlavə olaraq 1, 5 milyon avro da alacağıq".
Qeyd edək ki, Morutan FCSB-ya 2018-ci ildə "Botaşani"dən transfer olub. O, meydana çıxdığı 90 oyunda 12 qol vurub.