AVRO-2020: Türkiyə

AVRO-2020 iştirakçılarını tanımağa davam edir. Bu dəfə A qrupunun reytinqinə görə 3-cü komandası olan Türkiyədən bəhs edəcəyik.

AVRO-2020
A qrupu

Türkiyə

Baş məşqçi: Şenol Güneş
Kapitan: Burak Yılmaz (“Lill”)
FIFA sıralamasında mövqeyi: 29 (27 may, 2021)
Bəzi aparıcı oyunçuları: Burak Yılmaz, Merih Demiral, Çağlar Söyüncü, Hakan Çalhanoğlu

Türkiyə yığması Avropa çempionatına seçmə mərhələnin H qrupunun ikincisi kimi qatılır. Komanda Fransa, İslandiya, Albaniya, Andorra və Moldova ilə mübarizədə 10 oyuna 23 xal topladı. Yekunda son dünya çempionu Fransadan cəmi 2 xal geri qalan Türkiyə ikinci yerin sahibi kimi AVRO-2020-də oynamaq hüququ qazandı. Yığma tsikl ərzində rəqib qapılarına 18 qol vurdu, cəmi 3 top buraxdı. Komandanın ən yaxşı bombardiri 5 qolla Cenk Tosun idi. Müdafiəçi Kaan Ayhan 3 dəfə fərqlənməklə sürpriz nəticə göstərdi. Enes Ünal 2 qol vurdusa, qalan toplar 8 oyunçunun aktivinə yazıldı. Türkiyə yığması tsikldə qrupun əsas favoriti Fransaya məğlub olmaması ilə diqqət çəkdi. Evdə güclü rəqibinə 2 cavabsız qolla qalib gələn “ay-ulduzlular” səfərdə qollu heç-heçəyə nail oldu – 1:1.

Türkiyə sayca 5-ci dəfə Avropa çempionatlarının final məhələsində iştirak edəcək. Yığma əvvəlki 4 cəhdin 2-də qrup mərhələsindən daha irəli gedə bilib. Bunların birində komanda hətta yarımfinala qədər irəliləyib. AVRO-2008-də ev sahibi İsveçrəni qrupda saxlamağı bacaran “ay-ulduzlular” 1/4 finalda Xorvatiyaya qarşı dramatık matçda qələbə qazandı. Həmin zaman Fatih Terimin rəhbərliyi altında çıxış edən milli əlavə vaxtın son saniyələrində Semih Şentürkün vurduğu qolla matçı penaltilər seriyasına daşıya bildi. Burda daha dəqiq oynayan Türkiyə yarımfinala yüksəldi. Finalın 1 addımlığında Almaniyaya qarşı cəza və zədələr səbəbilə yalnız 14 futbolçu ilə mübarizə aparmalı olan komanda yekunda 2:3 hesabı ilə məğlub oldu.  AVRO-2008-in hər iki yarımfinalçısına – həm Türkiyəyə, həm də Rusiyaya bürünc medallar verildi.

A qrupunda yer alan Türkiyə millisi iki oyununu Bakıda keçirəcək. Şenol Güneşin komandası ilk matçını Romada oynayacaq. Yığma iyunun 11-də İtaliyaya qarşı turnirin açılış oyununa çıxacaq.Türkiyə millisi Bakıdakı ilk görüşünü bundan 5 gün sonra Uelsə qarşı keçirəcək. İyunun 20-də isə komanda İsveçrə ilə üz-üzə gələcək.

Şenol Güneş AVRO-2020 üçün ilkin heyətə 30 futbolçunun adını daxil edib

Qapıçılar: Mert Günok (“Başakşəhər”), Uğurcan Çakır (“Trabzonspor”), Altay Bayındır (“Fənərbağça”), Gökhan Akkan (“Rizespor”)
Müdafiəçilər: Zeki Çelik (“Lill”, Fransa), Mert Müldür, Kaan Ayhan (hər ikisi “Sassuolo”, İtaliya), Merih Dəmiral (“Yuventus”, İtaliya), Ozan Kabak (“Liverpul”, İngiltərə), Çağlar Söyüncü (“Lester” İngiltərə), Umut Meraş (“Havr”, Fransa), Rıdvan Yılmaz (“Beşiktaş”)
Yarımmüdafiəçilər: Mahmut Tekdemir (“Başakşəhər”), Okay Yokuşlu (“Vest Bromviç”, İngiltərə), Taylan Antalyalı (“Qalatasaray”), Dorukhan Toköz (“Beşiktaş”), Ozan Tufan, İrfan Can Kahveci (hər ikisi “Fənərbağça”), Orkun Kökçü (“Feyenoord”, Niderland), Yusuf Yazıcı (“Lill”, Fransa), Hakan Çalhanoğlu (“Milan”, İtaliya)
Hücumçular: Cengiz Ünder (“Lester”, İngiltərə), Efecan Karaca (“Alanyaspor”), Halil Akbunar (“Göztepe”), Abdülkadir Ömür (“Trabzonspor”), Kerem Aktürkoğlu, Halil İbrahim Dervişoğlu (hər ikisi “Qalatasaray”), Burak Yılmaz (“Lill”, Fransa), Enes Ünal (“Xetafe”, İspaniya), Kenan Karaman (“Fortuna”, Almaniya)

“FutbolPress” 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right