Çexiyanın gənclər liqasında mövsümün ikinci yarısına start verilib.
Newsport.az-ın məlumatına görə, həmyerlilərimiz Fərid Nəbiyevlə Rövlan Muradovun çıxış etdiyi "Slaviya" doğma meydan matçına çıxıb.
Praqa təmsilçisi öz meydanında "Dukla"nı qəbul edib. Görüş futbolçularımızın komandasının böyükhesablı məğlubiyyəti ilə başa çatıb. 12 qolun vurulduğu qarşılaşma "Dukla"nın 8:4 hesablı qələbəsi ilə yekunlaşıb.
"Qəbələ Futbol Akademiyası"nın hər iki yetirməsi bu görüşün iştirakçısı olublar. Praqa təmsilçisinə yeni transfer olunan Muradov bu oyuna start heyətində başlayıb və özünü yaxşı tərəfdən göstərməyi bacarıb. "Slaviya"nın ilk qolunun vurulmasında Rövlanın payı olub. Gənc oyunçu hücumların birində komanda yoldaşını qapıçı ilə üz-üzə çıxarıb, sonuncu isə topu daha yaxşı mövqedə olan digər komanda yoldaşına ötürüb və o, topu boş qapıya qovuşdurub. Rövlan görüşün 86-cı dəqiqəsində yerini Tomas Cvancaraya verib.
"Slaviya"nın əsas komandasının 5 futbolçusu U-21-ə göndərildiyi üçün Nəbiyev bu görüşə ehtiyatda start verib. Fəridlə yanaşı U-21-in əsas heyət üzvləri - Trapanovski və Sintean da ehtiyatda qalıblar. İstedadlı futbolçumuz oyunun 56-cı dəqiqəsində Yakub Hromadanın əvəzinə meydana daxil olub vəı 2 dəqiqə sonra komandasının sonuncu qolunu vurub.
Qeyd edək ki, 18 turdan sonra aktivində 29 xal olan "Slaviya" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.