Fransa millisinin sabiq müdafiəçisi Benua Tremulinas 40 yaşında peşəkar futbola qayıdaraq doğma klubu “Bordo” ilə müqavilə imzalayıb.
Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Artıq komandaya qoşulan və ilk məşqinə çıxan təcrübəli futbolçu cari mövsümün sonuna qədər altıqat Fransa çempionunun formasını geyinəcək.
Qeyd olunur ki, ciddi maliyyə böhranı səbəbindən Fransa futbolunun elitasından altıncı diviziona qədər geriləyən “Bordo”ya çətin günlərində dəstək olmaq istəyən Tremulinas karyerasını bərpa etmək qərarına gəlib. 9 yaşından jirondalıların akademiyasında yetişən və 2007–2013-cü illərdə əsas komandada çıxış edən müdafiəçi 2009-cu ildə bu klubla Fransa çempionu adını qazanıb.
Xatırladaq ki, karyerası ərzində Kiyev “Dinamo”su (2013–2014), “Sent-Etyen” (2014) və “Sevilya” (2014–2017) kimi klublarda da oynamış Benua Tremulinas 2017-ci ildə futbolçu karyerasını başa vurmuşdu.