"Bütün əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm. Çox çətin günlər keçirdim. 2 ildən artıq idi ki, uğur qazana bilmirdim. Bu yarışa yaxşı hazırlaşmışdım. Qızıl medal qazanmağa istəkli idim. Sevinirəm ki, Birinci Avropa Oyunlarında buna nail oldum"
Newsport.az-ın məlumatına görə, bu sözləri "Bakı-2015" Birinci Avropa Oyunlarında 65 kq çəki dərəsində sərbəst güləş üzrə yarışlarda qızıl medal qazanan Toğrul Əsgərov jurnalistlərə deyib.
O bildirib ki, rəqiblərinin hamısı ilə əvvəldən tanış idi:
"Güclü olan qalib gəldi. Olimpiya çempionu olduqdan sonra üzərimdə basqıların olması normaldır. İki il ərzində uğursuzluğumun səbəbi dizimdən əməliyyat olunmağım idi. Hələ 19 yaşımda Olimpiya çempion olmağım o deməkdir ki, potensialım var və gələcəkdə daha yaxşı uğurlar qazana bilərəm. Bütün idmançılarımıza uğurlar arzulayıram".