Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun 6-cı mərhələsində təsnifat mərhələsinə yekun vurulub.
Newsport.az-ın məlumatına görə, “The FTX Crypto Cup” adı verilmiş bu mərhələnin üçüncü yarış günündə son 5 turun görüşləri baş tutub.
Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov sonuncu gündə 1 qələbə qazanıb, 3 heç-heçəyə razılaşıb və 1 məğlubiyyətlə üzləşib. Bu nəticələrdən sonra xalını 7.5-ə çatdıran təmsilçimiz yekunda 10-cu yeri tutub və mübarizəni dayandırıb.
Teymur Rəcəbov isə 1 qələbə qazandığı halda, 2 heç-heçəyə razılaşıb, 2 görüşdə də məğlubiyyətlə üzləşib. Yekunda 8.5 xalı olan təmsilçimiz bu nəticə 1/4 finala vəsiqə qazanıb. 34 yaşlı qrossmeysterimiz növbəti mərhələdə Niderland təmsilçisi Aniş Giri ilə mübarizə aparacaq. 1/4 final mərhələsinin görüşləri 26-27 mayda keçiriləcək:
Aniş Giri (Niderland) – Teymur Rəcəbov (Azərbaycan)
Fabiano Karuana (ABŞ) – Yan Nepomnyaşi (Rusiya)
Hikaru Nakamura (ABŞ) – Maqnus Karlsen (Norveç)
Maksim Vaşye-Laqrav (Fransa) – Uesli So (ABŞ)
Mayın 31-də başa çatacaq bu turnirin mükafat fondu 220 min ABŞ dolları və 100 min dollar məbləğində bitkoindir.