Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) yarışın açılış mərasiminə 50 gün qalması münasibətilə tədbir keçirib.
Newsport.az-ın məlumatına görə, təşkilatçılar paytaxtın mərkəzində idman və incəsənəti bir araya gətiriblər.
Belə ki, tanınmış fransız rəssam Dafne Bitçaç da daxil olmaqla, 4-ü azərbaycanlı (Nailə Sultan, Eldar İbadullayev, Fidan Novruzova, Fərəh Mirzəyeyeva), 4-ü Avropa ölkələrindən gələn (Albert Loro (İtaliya), İnge Şmidt (Almaniya), Andris Vitolins (Latviya)) 8 rəssam Avropa Oyunlarının maskotları – Ceyran və Narın heykəllərini bəzəyiblər.
BAOƏK-nin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq, Bakı gənclər və idman idarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Rəssamlıq Akademiyasının rəsmisi Azad Zeynalov, Bakı 2015-in ulduz elçiləri və digər qonaqların iştirak ediblər. Onlar yarışın əhəmiyyətindən danışaraq, Azərbaycanın yüksək səviyyədə ev sahibliyi edəcəyini vurğulayıblar.
Nümayiş olunan 8 əsər gələcəkdə auksiona çıxarılacaq və buradan götürüləcək vəsait YUNİCEF-in xətti ilə kimsəsiz uşaqlar və imkansız ailələrə veriləcək.