"Qarabağ"ın qrup mərhələsindəki ev və səfər oyunlarını “CBC Sport” yayımlayacaq"

Ölkə futbol ictimaiyyəti “Olimpiya” – “Qarabağ” qarşılaşmasını canlı izləyə bilmədi.

Newsport.az-ın məlumatına görə, Lyublyanadakı oyun “İdman TV” vasitəsilə yayımlanmalıydı ki, bu barədə telekanalın sosial media səhifələrində anons verilmişdi.

Mavi ekran qarşısında əyləşənlər istəyinə çata bilmədi. Matç 70-ci dəqiqədən etibarən göstərildi. Yekunda “İdman TV” bəyanat yayaraq dağ boyda problemi “texniki xəta” ilə əlaqələndirdi. Sözügedən telekanalın rəhbəri Rövşən Binnətlidən məlum mövzu ilə bağlı açıqlamağa almağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Belədə üz tutduq “CBC Sport”a. Ki, ötən mövsümlərdəki oyunlara, hətta “Linkoln” və “Rakuv”la səfər qarşılaşmalarına “CBC Sport”un efirində baxdığımız halda, “İdman TV” kimin istəyi ilə ortaya çıxdı? Yayım imkanı niyə bir əldən digərinə keçdi?

Suala “CBC Sport”un proqram direktoru Rüstəm Əfsərli ilə söhbətdə aydınlıq gətirməyə çalışdıq: “Premyer Liqa başa çatan kimi avrokuboklara vəsiqə qazanan komandalarla yayımla bağlı əlaqə yaradırıq. Məktub göndəririk və öz xidmətimizi təklif edirik. Kimsə mənfi cavab verə bilər, kimsə müsbət. Klublar seçim etməkdə azaddır. Gördüyünüz kimi, “Sabah” klubu İTV ilə əməkdaşlıq etdi. “Qarabağ”ın “Linkoln” və “Rakuv”la səfər matçlarını efirə daşımışdıq. Üçüncü təsnifat mərhələsində Bakıda üç oyun keçirilirdi deyə, üç oyundan birini seçməli idik. Üç oyunun hamısını birdən yayımlaya bilməzdik. Ümumiyyətlə, bu, mümkünsüz işdir. Ümumi müzakirələrdən sonra “CBC Sport”un “Neftçi” – “Beşiktaş” qarşılaşmasını yayımlaması qərara alındı. Ona görə də “Qarabağ”ın HİK-lə görüşləri “İdman TV”də göstərilmişdi. Və klub pley-offda da onlarla əməkdaşlıq etmək qərarını verib. Mərkəzləşdirilmiş yayım deyil deyə, müqavilə bağlamaq kimi öhdəliklər yoxdur. Sadəcə, mərhələ-mərhələ məktublaşırıq və ümumi razılıq əldə olunur. Məsələn, klub deyə bilər ki, bu mərhələdə səninlə işləyirəm, növbəti mərhələdə digər telekanalla əməkdaşlıq edəcəyik. Belə deyim, təsnifat mərhələsində seçim hüququ kluba məxsusdur”.

Məsələnin bu tərəfini hansısa mənada başa düşdük. “CBC Sport” “Neftçi” – “Beşiktaş”ı “Qarabağ” – HİK-dən üstün tutub və çətin anda ağdamlıların dadına “İdman TV” çatıb deyə, pley-offda üstünlük məhz dövlət televiziyasına verilib.

Keçək əsas suala. “CBC Sport” illərdir “köhlən atlar”ın avrokuboklardakı ev və səfər görüşlərini yayımladığı halda, niyə “texniki xəta” baş qaldırmırdı? Və ya, “Olimpiya” - “Qarabağ” oyununun efirə daşınmasında nə kimi texniki problemlər baş qaldıra bilərdi ki?

Əfsərli suala dəqiq cavab verməkdə çətinlik çəkdiyini gizlətmədi: “Bu, qeyri-adi hadisə deyil. Televiziyada bu cür hallar yaşana bilər. Problemin kökünü bilmirəm deyə, suala dəqiq cavab vermək mənim üçün çətindir. Açığı, çətinliyin gec həll olunması da özüm üçün təəccüblü oldu. “İdman TV”nin avadanlıqları yaxşıdır, orada peşəkar insanlar çalışır. Görünür, anında həll olunması mümkünsüz problem olub ki, vəziyyət bu həddə çatıb”.

Sonda onu da bildirək ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki ev və səfər oyunlarını “CBC Sport” yayımlayacaq. İdman telekanalı Çempionlar Liqası, Konfrans Liqası və Avropa Liqasının qrup mərhələsinin 3 illik yayım hüququna malikdir.

Sportinfo.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right