Qurban Qurbanov: "Sabah hər kəs yaxşı mənada həyəcanlı olacaq"

"Qarabağ" Avropa Liqası qrup mərhələsinin son turu çərçivəsində Bakıda "Frayburq"u qəbul edəcək.

Newsport.az-ın məlumatına görə, qarşılaşmadan öncə keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

- Sabah mövsümün son oyunudur. Çox fikir bildirmək istəmirəm. Qarşımızdakı rəqib çox güclüdür. Oyunun mahiyyətini dərk edirik. Rəqibi daha yaxşı tanıyırıq. Bilirik ki, meydanda diqqətli olmalıyıq. Futbolçularıma güvənirəm və inanıram. Yaxşı oyunla yaxşı nəticə qazanmaq istəyirik.

- Komanda, xüsusən də Şahruddin Məhəmmədəliyev  indi hansı psixoloji vəziyyətdədir?

- Vacib oyundur. Psixoloji durumdan çox şey asılıdır. Biz peşəkarıq və hər şey qaydasındadır. Şahruddinin hər gün müzakirə olunmağı məni narahat edir. Belə bir matçdan öncə insanların onun çox müzakirə etməsini istəməzdim. Bu, ona təsir edə bilər. Ümumilikdə psixoloji problemimiz yoxdur. Məqsədimiz son oyunu uğurla başa vurmaqdır.

- “Kopenhagen”lə cavab oyununa hazırlaşmaq çətin oldu, yoxsa bu matça?

- Belə paralellər aparmaq çətindir. Təbii ki, ilkləri etmək hər zaman çətin olur. Əlbəttə, Çempionlar Liqası daha həyəcanlı görünür, amma mən sabahkı oyunu da çətinlik baxımından bir sıraya qoyardım. "Frayburq" təcrübəli komandadır. Sabah hər kəs yaxşı mənada həyəcanlı olacaq.

- Rəqibin qrup liderliyini təmin etməsinin mənfi və müsbət tərəfi nədir?

- Heç bilmirəm necə cavab verim. Bəzən hər şeyi həll edəndə daha rahat oynayırsan və öz oyununu göstərmək asan olur. Biz öz oyunumuz haqda düşünürük. Rəqibin nə edəcəyinə vaxt ayırsaq, özümüzə kifayət qədər vaxtımız olmayacaq.

- Zədəli futbolçuların durumu nə yerdədir?

- Leandro Andrade və Bədavi Hüseynov sabah olmayacaq. Andrade hələ ki, hazır deyil. Hətta deyərdim ki, zədəsini yeniləyib. Qara isə bizimlə məşq etmir. Sabah onun heyətdə yer alıb-almayacağı hələ bilinmir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right