"Sürətli oyun alındı. Hər iki komanda qələbə üçün oynayırdı. Biz bura hesabı qorumağa gəlməmişdik. Uğurlu nəticə üçün mübarizə aparırdıq. Təəssüflər olsun ki, son dəqiqələrdə heç-heçəni əldən verdik. Bu oyun mənə ümid verdi. Futbolun içində elə xırda elementlər var ki, bəzi səhvlər səni daha da böyüdür. Futbolçularımın oyunundan, xarakterindən razı qaldım. Yəqin ki, Azərbaycanda xalqımız sevinmək istəyirdi. İnanıram ki, qarşıdakı oyuna tam inam və istəklə çıxacaq. Çalışacağıq ki, yaxşı oyun, yaxşı mübarizə göstərib, uğurlu nəticə qazanaq".
Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 5-ci turunun "Nant"la matçından sonra deyib. 50 yaşlı mütəxəssis komandasının 1:2 hesablı məğlubiyyətini şərh edib.
- Məğlubiyyətin əsas səbəblərini hansı məqamlarda axtarmaq lazımdı? Lazım olan nəticəni əldə etməyə nə mane oldu?
- Səbəb olaraq bəlkə də, nəyisə demək düzgün olmaz. Biz "Nant"dan çəkinmədik. Desəm ki, müdafiə olunduq, ya hansısa futbolçu səhv etdi, doğru deyil. Pis xarakter göstərmədik. Rəqibin oyunçularının ustalıq səviyyəsi onları qapımıza yaxınlaşdırdı. Mussa Sissoko və Simon kimi oyunçular meydana daxil oldu. Onlar da bundan istifadə edə bildilər. Oyunlarımız olub ki, bəxtimiz gətirib, rəqib üstün oynayıb, biz qalib gəlmişik. Demək ki, bu oyunda üç xal “Nant”ın qismətindəydi.
- Futbolçularla matçdan sonra görüşdünüz, nə danışdınız?
- Hər oyundan sonra onlarla danışırıq. Əlbəttə ki, hər oyundan sonra fərqli-fərqli söhbətlər olur. Yaxşı oyun olanda bəzi məğlubiyyətlərə üzülmürük. Mənim üçün vacib olan futbolçuların xarakterli olması, rəqibdən çəkinməməsidi. Qarşımızda hansı rəqib olursa-olsun. Məğlubiyyət və qələbə qeydə alınanda da onların yanında olmalıyıq. Mən də futbolçularıma onların yanında olduğumu söylədim. Uduzanda daha bərk olmalıyıq. Ki, qarşıdakı işimizə faydası olsun. Futbolçularımın hər birini təbrik etdim. Həmişə demişəm ki, başda mən olmaqla, öz üzərimizdə daha çox çalışmalıyıq. Çox dəyişiklik var. Böyümək üçün bu cür məğlubiyyətləri düzgün qəbul etməliyik və belə məğlubiyyətlərə hazır olmalıyıq. Son dəqiqələrdə daha möhkəm və soyuqqanlılılıq göstərməliyik. İnanıram ki, Bakıda daha da yaxşı oyun oynayacağıq.