"Hər sistemin öz çətinlikləri var. Rəqib keyfiyyətli komandadır. Öz meydanında daha yaxşı oynayır".
Newsport.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Fransada "Nant"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyunundan öncə mətbuat konfransında deyib.
50 yaşlı mütəxəssis bildirib ki, Bakıda bu komandaya 3:0 hesabı ilə qalib gəlmələri yanlış fikirlər gətirə bilər: "Əlimizə düşən hər imkandan maksimum istifadə etməyə çalışacağıq".
O, sabahkı görüşdə favorit olmadıqlarını söyləyib: "Rəqibə böyük hörmətlə yanaşırıq. Bakıdakı matçda qol epizodları oldu. Hətta hesab 0:0 olarkən üstünlük onların tərəfində idi. Rəqibin heyətində bacarıqlı futbolçular var. Sadəcə, hər komandanın uğursuz seriyası olur. Son vaxtlar "Nant"ın oyununda irəliləyiş var".
Qeyd edək ki, "Nant" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.