SSKA-nın (Bolqarıstan) müdafiəçisi Teodor İvanov Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb.
Newsport.az Bolqarıstan mediasına istinadən xəbər verir ki, bolqar futbolçubu gün Azərbaycana yola düşməzdən əvvəl hava limanında jurnalistlərin suallarını cavablandırıb.
İddialı açıqlama verən İvanov bildirib ki, Bakıya ən yaxşı oyunlarını nümayiş etdirmək üçün gedirlər:
“Qarabağ” ciddi rəqibdir və yüksək səviyyəyə malik komandadır. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
Məncə, komandanın istəyi və qələbə əzmi dəyişməlidir. Bizim keyfiyyətimiz var. SSKA üçün heç-heçə yoxdur, bizim üçün yeganə müsbət nəticə qələbədir. Əhval-ruhiyyənin ən yüksək səviyyədə olmaması normaldır. Bizim üçün heç-heçə məğlubiyyət kimidir.
Ümid edirəm ki, yaxşı oyun göstərib layiqli çıxış edəcəyik. Təzyiq həmişə olacaq. Təzyiq varsa, deməli, işləri düzgün görürsən. Həm özümüz, həm də azarkeşlərimiz üçün əlimizdən gələni etməyə çalışırıq.
Azarkeşlər uğurlarımızın 50 faizini təşkil edir və onların yoxluğunu hiss edəcəyik. Televiziya qarşısında onlara sevinc yaşatmağa çalışacağıq”, - deyə İvanov bildirib.
Xatırladaq ki, “Qarabağ”la SSKA arasında ilk matç iyulun 23-də Bakıda, cavab görüşü iyulun 30-u Sofiyada keçiriləcək.