Azərbaycanda legioner həyatı yaşamış rumınlardan biri də Adrian Pitdir. Karyerasına görə ölkəmizdə oynamış rumınlar arasında ən yaxşılardan sayılan sabiq “Xəzər Lənkəran”lı “Roma”nın da futbolçusu olub.
Newsport.az-ın məlumatına görə, o, Sportal.az saytına müsahibəsində Avropa Liqasının 7-ci turunun “Qarabağ” – FKSB oyunu haqda danışıb.
- "Qarabağ" öz meydanında FKSB-yə 2:3 uduzdu. FKSB-nin qalib gələcəyini gözləyirdin?
- Bəli, oyuna televizor vasitəsilə canlı baxdım. Açıq deyəcəm, “Qarabağ” daha yaxşı oynadı. Qol epizodları da var idi. Amma bu vacib məsələ deyil. Əsas odur ki, “Qarabağ” meydanda asan səhvlərə yol verdi. O da sonda nəticənin bu cür olmasına gətirib çıxardı.
- FKSB-nin çalışdırıcısı Elias Xaralambus oyundan sonra keçirilmiş mətbuat konfransında bəxtlərinin gətirdiyini bildirdi. Sən də, belə düşünürsən?
- Bəli, Xaralambusun fikri ilə tam razıyam. Təbii ki, FKSB-nin bəxti gətirdi. Təsəvvür edin, onlar üç künc zərbəsi yerinə yetirdilər və 3 qol vurdular. Doğrudur, 4-cü də son saniyələrdə oldu. İstənilən halda, FKSB bütün qollarını künc zərbəsindən sonra vurdu.
- “Qarabağ” oyun ərzində dominant tərəf idi. Onların qalib gələ bilməməsi yalnız xırda səhvlərlə bağlı idi?
- Doğrudur. FKSB çox asan qollar vurdular. Amma bir oyunu yaxşı keçirmək istəyən komanda üçün hər şeyi etdilər. Topa daha çox sahib olan “Qarabağ” idi. Bu cür üstünlük ola-ola uduzmaq, üzücüdür. Bilirəm və başa düşürəm. Amma nə etmək olar?
- Klubun sahibi Cici Bekali yəqin ki, istəyinə nail oldu? Çünki oyundan əvvəl “Qarabağ”ı məğlub edəcəklərin iddia edirdi…
- Təkcə “Qarabağ”la bağlı deyil, bütün rəqiblərlə matçda belə danışır. Bu mənada, bizim üçün yenilik deyil.
- “Qarabağ” haqqında ümumi fikrin necədir? O vaxtkı komanda ilə indiki arasında böyük fərq var?
- Elədir. “Qarabağ” indi daha yaxşı futbol oynayırlar. Cərimə zərbələri və künc zərbələri zamanı yaşadıqları problemləri həll etsələr, Avropada daha yaxşı komanda ola bilərlər. Çünki topa sahib olmaqda superdirlər. Qol epizodları çoxlu saydadır.