"Qarabağ" Avropa Liqası pley-off mərhələsinin cavab görüşü çərçivəsində sabah Bakıda "Braqa" ilə qarşılaşacaq.
Newsport.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Çox vacib və dəyərli oyundur bizim üçün. Bu oyun ətrafında çox da danışmaq istəmirəm. Fikrimizi tam rəqibə yönəltmişik. "Braqa" haqda da əlavə məlumata ehtiyac yoxdur. Portuqaliyada da demişdim ki, ilk matçın nəticəsi bizi aldatmalı deyil. Əksinə, Bakıda daha səliqəli və intizamlı oynamalıyıq. Komandanı da sırf bu yöndə hazırlamağa çalışırıq. İnanıram ki, futbolçularım Bakıda daha istəkli, soyuqqanlı olacaqlar və daha düzgün oynayacaqlar. Sabaha kimi vaxtımız var. Rəqibi futbolçularımıza daha yaxından tanıdacağıq. Oyunu yaxşı notlarla başa vurmaq istəyirik. Şansımız varsa, bundan istifadə etməyə çalışacağıq.
- Son durumu açıqlayardız. Zədəlilər var?
- Yox, hər şey qaydasındadır.
- "Braqa" rəhbərliyi futbolçuların qarşısına Bakıda qələbə qazanmaqla bağlı tələb qoyub. Bu psixolojin amilin futbolçulara hansısa təsiri ola bilər?
- Bu tələb gözləniləndir, başqa cür ola da bilməzdi. "Braqa" böyük klubdur, onların növbəti mərhələyə çıxmaq şansı daha çox idi. Məşqçi kimi bunu normal qarşılayıram. Psixoloji məsələyə gəlincə, məncə, rəhbərliyin fikrinə görə inanmıram ki, psixoloji təsir etsin. Biz "Braqa"nın gücünü bilirik. Məğlub olmaqları o demək deyil ki, biz onlardan üstünük, ya onlar bizdən zəifdir. Belə fikir bizdə yoxdur. Portuqaliyada da futbolçularla danışanda dedim ki, Bakıdakı matçda daha aktiv olmalıyıq, daha çox güc sərf etməliyik ki, "Braqa"nı saxlayaq. Çox sürətli oyunçulara malikdirlər. Əksər rəqiblərə uyğun və xoş olmayan oyun stilləri var. "Braqa"nın böyük təcrübəsi var. İllərdir ki, bu cür gərgin oyun oynayan komandadır. İnanmıram ki, rəhbərliyin fikrinə görə hansısa psixoloji təsiri olacaq. Biz özümüzü sırf oyuna hazırlamışıq.
- Azərbaycan futbolunun yaşı 100-dən çoxdur. "Braqa"ya qarşı oyun Azərbaycan futbolunun Avropadakı təsdiqi üçün şansdır?
- Bugünkü nəticələrə baxsaq, bəlkə bunu düşünə bilərik. Belə durum yaranıb ki, Avropadakı istənilən oyundakı qələbə bizim futbol üçün böyük uğur sayılmalıdır. Çünki bizim üçün çox vacibdir. Daha stabil olmaq üçün belə uğurlara çox ehtiyac var. Pley-off oyunlarında bu cür qələbələr futbolçuların və azarkeşlərin inamı üçün çox vacibdir. Belə oyunlarla futbol camiəis böyüyür. Hamı bir yerə yığışır. Uğur öz yerində. Mənim üçün vacib olan, azarkeşləri bu cür oyunlara kökləmək və inandırmaqdır. Biz yanaşsaq ki, ən böyük uğurumuzdur, yerimizdə qala bilərik. Hər il bir addım irəli gedəndə, həvəsli, inamlı oluruq. İstər-istəməz nəinki azarkeşlər, hətta dövlət orqanlarının oyunlara marağı böyüyür. Bu da futbolumuzun inkişafı üçün yaxşıdır. Həmişə istəmişəm, bura böyük komandalar gəlsin ki, futbola və bizə maraq, inam daha da böyüsün. Bu, uğur sayıla bilər, amma bununla dayanmalı deyilik. Düzdür, hələ uğur əldə olunmayıb. Bəli, ilk oyunda qalib gəlmişik. Ancaq uduzsaq da, bunu uğursuzluq adlandırmaq olmazdı. Çünki səfərdə udmuşuq. Demək ki, işimizi aktivləşdirsək, möhkəmləndirsək, qarşıdakı illərdə rəqiblərlə başabaş mübarizə aparmaq mümkündür.