UEFA-nın rəsmi saytı “Qarabağ”ın Avropa Liqasının ilk pley-off matçında Portuqaliyanın “Braqa” klubu üzərindəki qələbəsi (4:2) haqda yazıb.
Newsport.az xəbər verir ki, Avropanın ali futbol qurumu Ağdam təmsilçisinin səfərdə qazandığı uğurlu nəticəni belə şərh edib:
"Abdullah Zubirin dublu “Qarabağ”ın Portuqaliyada parlaq qələbə qazanmasına kömək etdi. Qonaqlar oyuna hazırlıqlarını tez bir zamanda göstərdilər və Marko Yankoviç penaltini dəqiq yerinə yetirərək hesabı açdı. Lakin fasiləyə az qalmış künc zərbəsindən sonra Simon Banza hesabı bərabərləşdirdi.Lakin ikinci hissədə “Qarabağ” rəqibin müdafiəsini darmadağın etdi – Zubir iki dəfə, Juninyo isə daha bir qol vurdu. Joao Moutinyonun penaltidən dəqiq zərbəsi “Braqa”ya ümid verdi. Amma cavab matçında çox çətin tapşırığı həll etməli olacaqlar”.Qeyd edək ki, “Qarabağ” – “Braqa” matçı fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.