Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) Ordumuzun Vətən müharibəsində qazandığı qələbəyə həsr olunmuş "Qarabağ Azərbaycandır!" futbol turniri başa çatıb.
Newsport.az-ın məlumatına görə, Milli Qəhrəman Gültəkin Əsgərova adına Məktəb Lisey Kompleksinin stadionunda (AzFar stadionu, keçmiş Caspian Center, Gənclik metrosu) final oyunu və 3-cü yer uğrunda matç gerçəkləşib.
İlk olaraq 3-cü yer uğrunda görüşdə "Ağdam" və "Zəngilan" komandaları üz-üzə gəlib. Rəqibinə 6:3 hesabı ilə qalib gələn "Ağdam" yarışın bürünc medalına sahib çıxıb.
Final qarşılaşması daha maraqlı alınıb. Oyunun əsas vaxtı 3:3 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında "Qubadlı" komandası 5:3 hesablı qələbə qazanıb və turnirin qalibi olub.
Ardınca mükafatlandırma mərasimi başlayıb. "Qubadlı" komandasına kubok, diplom və min manat məbləğində pul mükafatı təqdim olunub. Qalibə mükafatları Vətən müharibəsində şəhid olmuş jurnalistlərin - Sirac Abışov və Məhərrəm İbrahimovun qardaşları təqdim edib. S. Abışovun qardaşı Şirzad Abışov, M. İbrahimovun qardaşı Əsgər İbrahimov mükafatlandırmada iştirak edib. Şəhid ailələrinin üzvlərinə də plaketlər təqdim olunub.
Turnirin ən yaxşı futbolçusu adına "Qubadlı" komandasından Etibar Tağıyev layiq görülüb. Onun komanda yoldaşı Xanoğlan İmanov (14 qol) yarışın bombardiri olub. Ən yaxşı qapıçı "Füzuli"dən İlqar Tağıyev seçilib. "Şuşa" komandası isə "fair play" mükafatını alıb.
Bundan əlavə yarışın hakimləri ilə həkimləri və turnirin işıqlandırılmasına görə "Laçın" komandasından Anar Cəfərsoy xüsusi diplomla təltif edilib. Yarışın ən gənc oyunçu Röyal Türksoy ("Cəbrayıl", 22 yaş), ən yaşlı futbolçu Mahir Süleymanovdır ("Zəngilan". 60 yaş).
Tədbirdə Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, İdman Akademiyasının (ADBTİA) rektoru professor Fuad Hacıyev, Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev və digər futbol veteranları iştirak ediblər.
26 iyun
3-cü yer uğrunda oyun
"Ağdam" - "Zəngilan" - 6:3 (2:3)
Qollar: Gündüz Abbaszadə, 2; 18; 26. Firuz Abdulla, 31; 36. Şəmsəddin Abbasov, 38 - Xalid Ağəliyev, 13. Rəşad Baxşəliyev, 19; 20
"Qubadlı" - "Füzuli" - 3:3 (penaltilərlə - 5:3, ilk hissə - 1:2)
Qollar: Xanoğlan İmanov, 11. Etibar Tağıyev, 24; 25 - Elvin Rüstəmov, 10. Vüsal Yalçınoğlu, 15. Faiq Tahirov, 23
Penalti seriyası: Etibar Tağıyev, Xanoğlan İmanov, Anar Hacıyev, Anar Əsədov, Mirbağırağa Cəfəri - Şəfail Baxşıyev, Elvin Rüstəmov, Vüsal Yalçınoğlu
İstifadə olunmamış penalti: Babək Cahandarov ("Füzuli)
Sarı vərəqələr: Yusif Hüseyn, 2; Anar Hacıyev, 14 - Elvin Rüstəmov, 9. Şəfail Baxşıyev, 24