Nihat Özdemir: "Azərbaycanlı qardaşlarımızın dəstəyi ilə qrupdan çıxacağıq"

"İyunun 11-də Romada İtaliya ilə oyunumuza çıxdıqdan sonra hamımız birlikdə Bakıya gələcəyik".

Newsport.az-ın məlumatına görə, bu fikirləri Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdemir "CBC Sport"da yayımlanan "Türkiyədən futbol" verilişinə açıqlamasında AVRO-2020-nin qrup mərhələsində Bakıda keçirəcəkləri oyunlar barədə danışarkən deyib.

N.Özdemir Azərbaycan paytaxtında azarkeşlərin də dəstəyilə 1/8 finala çıxacaqlarına inandığını bildirib: "Orada təlim-məşq toplanışı və iyunun 16-da Uelslə, iyunun 20-də isə İsveçrə ilə növbəti oyunlarımızı keçirəcəyik. Qardaşlarımızın dəstəyilə və azarkeşlərlə bərabər milli komandamız bu qrupdan 1/8 finala vəsiqə qazanacaq".

TFF prezidenti azərbaycanlı futbolçuların Türkiyədə yerli oyunçu statusu ilə çıxış etmələri məsələsinə də münasibət bildirib: "Biz azərbaycanlı qardaşlarımızın Türkiyə liqalarında oynamalarını çox arzulayırıq. Dövlət başçılarımız səviyyəsində birgə qərar verilərsə, azərbaycanlı qardaşlarımızı Türkiyə milli komandasında və Türkiyə çempionatında əcnəbi statusunda deyil, türk futbolçu kimi oynada bilərik".

Türkiyədə bəzi klubların, xüsusilə də "Fənərbağça"nın 1959-cu ildən öncəki çempionluqların nəzərə alınması ilə bağlı müraciətinə də toxunan N.Özdemir bunun hüquqi məsələ olduğunu vurğulayıb: "Hazırda hüquqşünaslarımız bu məsələni araşdırırlar. Klublarımızın hüquqlarına da xələl gəlməməsini istəyirik. Bu istiqamətdə çalışmalarımız davam edir və ən yaxın zamanda qərar verəcəyik".

Qeyd edək ki, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası üzündən bu il 11 iyun - 11 iyula təxirə salınıb. AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.

Türkiyə millisi İtaliya, İsveçrə və Uelslə birlikdə A qrupunda mübarizə aparacaq. Bakı Olimpiya Stadionu qrupun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah