“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının X turunda “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Newsport.az-ın məlumatına görə, 38 yaşlı mütəxəssis 3:1 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
“Çox gərgin və maraqlı oyun oldu. Topa daha çox nəzarət etməyə çalışdıq. Hər iki kollektiv birinci hissədə ehtiyatlı oynamaq istəyirdi. Amma ikinci yarıda açıq futbol gördük. Hər iki komanda qol vurmaq və qələbə qazanmaq istəyirdi. Çempionatın iddialı və güclü komandalarından birini məğlub etdik. Bizim üçün önəmli qələbədir. Komandanı və futbolçuları təbrik edirəm. Buraxdığımız qoldan sonra rəqib daha böyük qüvvə ilə irəli atılmağa başladı. Komandamız buna yaxşı reaksiya verdi. “Keşlə”ni əks-hücumda yaxalayırdıq. Qol epizodlarımız çox oldu. Sonra isə üçüncü qolu vura bildik.
Bütün dünya futbolunda və həyatımızda koronavirus var. Hələ ki, buna uyğunlaşmalıyıq. Bizim də işimiz çətindir. Heyəti qururuq, hazırlaşırıq və kiminsə test nəticəsi müsbət ola bilir. Məşqçilərin işləri çətinləşir. Hər an hazır olmalıyıq. Daha əvvəl Ali Sesay virusa yoluxmuşdu və artıq sağalıb. Mənim köməkçim Eltun Yaqublunun da test nəticəsi müsbət olmuşdu. Hazırda isə problem yoxdur”.
Sadıqov torpaqların işğaldan azad olunması ilə bağlı bunları söyləyib: “Hamımızın gözü aydın olsun. “Qarabağ” komandası öz meydanında oynaya bilmirdi. Bu, beynəlxalq matçlarda daha çox qabardılırdı ki, komanda doğma şəhərində və meydanında çıxış edə bilmir. Biz artıq bu günləri görürük, böyük zəfərdir. Ali Baş Komandana, Ordumuza, zabitlərimizə və əsgərlərimizə dərim təşəkkürümü bildirirəm ki, bizə bu sevinci yaşadırlar. Hərdən mənə yuxu kimi gəlir, deyirəm ki, doğrudanmı torpaqları işğaldan azad etdik, bu cür möhtəşəm qələbə qazandıq. Böyük zəfər qazanmışıq. Bütün qarabağlıları və xalqımızı ürəkdən təbrik edirəm. Fəxr edirəm və qürur hissi keçirirəm ki, azərbaycanlıyam”.