“Etiraf edirəm, çox çətindir” - Qarayev Qəbələni Avstriyaya bənzətdi

Builki avrokubok mövsümündə komandalarımızın, lap dəqiq desək, futbolçularımızın işi çox çətin olacaq.

Newsport.az-ın məlumatına görə, təxminən 5 aylıq fasilədən sonra yenidən məşqləri bərpa etmək, qısa müddətdə beynəlxalq matçlar üçün ideal forma yığmaq müşkül məsələdir.

Üstəlik, ölkədən kənara çıxıb səviyyəli rəqiblərlə yoldaşlıq görüşləri keçirə bilməmək faktı da var ortada. Artıq illərdi avrokubokların qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ”ın futbolçularının hansı durumda olacağı adamı narahat edir.

Çünki əsas ümid yerimiz, uğur mənbəyimiz məhz “köhlən atlar”dı. Elə komandanın aparıcı futbolçularından olan, yığmanın formasını geyən Qara Qarayev də fasilənin onlara problem yaradacağını deyir (Futbol+). .

- Qəbələdəki toplanış necə keçir? Ürəyinizcədi?
- Şükürlər olsun, hər şey qaydasındadı. Baş məşqçinin hazırlıq proqramına uyğun yeni bir dönəmə qədəm qoymuşuq və həmin plana uyğun çalışırıq. Əsas məqsəd fiziki durumumuzu yaxşılaşdırmaqdı. Yalnız fiziki formamız sayəsində nəyəsə nail ola bilərik.

- 5 aylıq futbolsuzluq sözünü deyir?
- Əlbəttə. Etiraf edirəm, çox çətindi. İndi başa düşürəm ki, əlimizdə nə qədər nemətimiz var imiş. Həqiqətən də idmansız qalanda sonradan forma yığmaq çətin olur. 3 ay futbolsuz qaldıq, məşqlərə başladıq, yoldaşlıq oyunlarına çıxdıq və yenidən karantin rejiminə düşdük. Fasilə, məşq, fasilə və yenidən məşq. Belə olması işi bir az da ağırlaşdırdı. Məncə, futbolda 5 aylıq fasilə nəinki bizdə, heç dünyada olmamışdı.

- Təsnifat mərhələsinin startına kimi hazır duruma gələcəksiz?
- Bir aya tam hazır duruma gəlmək mümkün deyil. Nə qədər istəsək də, alınan iş deyil. Sonuncu dəfə rəsmi oyuna nə vaxt çıxmışıq? Martın 8-də, düzdü? İndi isə iyulun 20-di (söhbət dünən olub – H.). Arada 5 aya yaxın fasilə var. Əvvəl eləydi ki, çempionatı mayda bitirib 2-3 həftəlik istirahətə yollanırdıq. Bəzən fasilə müddəti 15 gündən artıq olmurdu. Hətta qısamüddətli istirahətdən qayıdanda belə, çətinliyin olduğunu görürdün. İlk oyunlara qədər bacardığımız qədər hazır olmağa çalışacağıq. Amma yenə deyirəm, asan olmayacaq.

- Karyeranda ilk dəfə avrokuboklara xarici ölkədə yox, Qəbələdə hazırlaşırsan. Qəribə hisslərdi?
- Sizi inandırım, qətiyyən. Heç bir qəribəlikdən söhbət gedə bilməz. İndiyə qədər Qəbələyə 50 dəfə gəlib-getmişəm, amma burdakı gözəlliyə, təbiətə bu dərəcədə xüsusi fikir verməmişdim. Çünki uzun müddət qalmamışıq. Bu gün gəlir, sabah oynayıb gedirdik. Buranın iqlimi, təbiəti, mənzərəsi mənə Avstriyanı xatırladır.

- Məskunlaşma, qidalanma, yaradılan şərait də Avropadakı kimidi?
- Meydanlara söz ola bilməz, əladı. Ola bilsin, mövcud çətinliklərə görə Qəbələdəki otellər bu cür sıxlığa hazır deyil. Avstriyada təşkilatçılara, otellərə o qədər pullar verilir, onlar da ona uyğun şərait yaradırlar. Burda da əllərində olan imkanın maksimumunu edirlər. Burdakı şəraiti bir az da yaxşılaşdırsalar, istənilən komanda Qəbələdə toplanış keçə bilər.

- Onda Avstriyaya, Türkiyəyə getməyə nə ehtiyac var?
- Toplanışa bir neçə səviyyəli xarici komanda gəlsə, bəlkə də ehtiyac olmaz. Çünki toplanış mərhələsində əsas istək sınaq matçlarıdı. Yerli komandalar elədi ki, bir-birimizi tanıyırıq, oyunlar rahat keçir. Amma qarşında sürpriz rəqib olanda zəif nöqtələri rahat görmək olur. Bu günümüzə şükürlər olsun. Yaxşı ki, Qəbələdə bu cür şərait var. Yoxsa nə edərdik?

- Yeni transferlər Emil Balayevlə Vild-Donald Gerye sənə tanışdı, vaxtilə komanda yoldaşı olmusuz. Kevin Medina haqda nə deyə bilərsən?
- Emillə Vild-Donaldın bizə fayda verəcəyinə qətiyyən şübhə etmirəm. Hər ikisini tanıyırıq, nəyə qadir olduqlarını bilirik. O ki qaldı Kevinə, açığı, hələ məşqə çıxmayıb. O gələndə “Keşlə”ylə oyunun ertəsi idi, komandaya istirahət verilmişdi. Yəqin ki, bu gün axşam məşqə çıxar. “Qarabağ”ın transfer siyasətinə az-çox bələdsiz. Qurban Qurbanov hansısa keçidə “hə” deməmiş futbolçunun xarakterini, insanlıq keyfiyyətini incələyir. Yəqin ki, Medinanın nəyə qadir olduğunu baş məşqçimiz bilir.

- Sənin üçün ikiqat çətin olacaq. Həm futbolsuzluqdan sonrakı ilk dönəm, həm də uzun illərdi yanaşı oynadığın Riçard Almeyda ilə Miçelin ikisinin birdən yoxluğu...
- Düz qeyd edirsiz, hər ikisi ilə uzun illər idi çiyin-çiyinə oynayırdım. İstər-istəməz bir-birimizə öyrəşmişdik, güclü-zəif nöqtələrimizi, hansı anda kimin nə edəcəyini bilirdik. Belə deyim, bir-birimizi gözüyumulu başa düşürdük. Amma mən futbolçunu futbolçudan ayırmıram. Bütün komanda yoldaşlarım mənim üçün eynidi. “Keşlə” ilə yoldaşlıq görüşündə İsmayıl İbrahimli və Filip Ozobiçlə yanaşı oynadım. Hər ikisi mənə yaxşı tanışdı, çünki son çempionatı bu formatda oynamışıq. İnşallah, birliyimiz və iradəmiz sayəsində belə çətinlikləri yoluna qoyacağıq.

- Son illər çempionatda onsuz da “Qarabağ”a rəqib tapılmırdı. Demək olar ki, hər il çempionluğu rahat qeyd edirsiz. Klubların büdcələrinin azaldığını nəzərə alsaq, bundan sonrakı vəziyyəti təsəvvür edə bilirsən?
- Nə demək istədiyinizi anladım. Lakin məncə, “Qarabağ”ın əsas üstünlüyü büdcədə yox, təcrübəsində, iradəsində və ailə ortamı formalaşdırmasında olub. İllərdi sadaladığım keyfiyyətlər sayəsində nəsə etməyə çalışırıq. İnşallah, birliyimizi qoruyub saxlamağı bacarsaq, yenə yaxşı olacaq.

- Canni De Byazi – bu ad-soyadı eşidəndə hansı hisslər keçirdin?
- Bu məşqçi haqda Ansi Aqolli ilə çox danışmışıq. İstər Albaniya yığması AÇ-2016-ya vəsiqə qazanan ərəfədə, istərsə də adı yığmamızla yanaşı hallanandan sonra. Xüsusilə Ansi ilə sonuncu söhbətimdə daha çox məlumat almaq üçün bəzi suallar verdim. Haqqında həm məşqçi, həm də insan kimi xoş sözlər eşitdiyimi deməliyəm. Belə deyim, çox təriflədi. Ancaq millidə nə dərəcədə uğurlu olacağı ilə bağlı fikir bildirmək indiki an üçün çətindi. Bir insan haqda danışmaq üçün onu tanımalısan, işini görməlisən. Ümid edək ki, yaxşı olacaq, italyan məşqçidən fayda görəcəyik. Millinin ilk təlim-məşq toplanışı olsun, ondan sonra bu mövzu barədə ətraflı danışarıq. Hələ ki Ansinin dedikləri ilə kifayətlənmək məcburiyyətindəyəm.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right