"Çempion olmaq istəyiriksə, gərək "Qarabağ"ı məğlub edək" "Neftçi"nin yeni transferi

Premyer Liqanın 15-ci turunda "Sumqayıt"la 1:1 hesablı heç-heçə edən "Neftçi"nin yeni transferi Saman Nəriman Cahan müsahibə verib.

Newsport.az-ın məlumatına görə, cənubi azərbaycanlı yarımmüdafiəçi nəticəni şərh edib:

- Oyuna yaxşı başlamışdıq. Matçın əvvələrində qırmızı vərəqə aldıq. Bu oyunu uda bilərdik, amma azlıq qalmağımıza görə çətin oldu. 10 nəfərlə qol vura bildik. Yenə də fərqlənə bilərdik. Biz qalib gəlməliyik, “Neftçi” komandasıyıq. Güclü heyətimiz var. Qarşıdakı oyunları düşünəcəyik.

- Qolun məhsuldar ötürməsini verdiniz. Azərbaycan çempionatı barədə nə düşünürsünüz, uyğunlaşa bilmisinizmi?

- İlk oyunum idi. Allah şükür ki, assist edə bildim. Daha bir məhsuldar ötürməm ola bilərdi, təəssüf ki, həmin epizodda qol olmadı. İnşallah, qarşıdakı matçlarda da komandama yaxşı oyunumla köməklik edərəm.

- Bu gün Stankoviç qırmızı vərəqə aldı və növbəti turda "Qarabağ"la qarşılaşacaqsınız. Liderlə görüşdən nə gözləmək olar?

- "Qarabağ" güclü komandadır, çempionatın lideridir. Ancaq biz çempion olmaq istəyiriksə, gərək "Qarabağ"ı məğlub edək. Çünki xal fərqini azaltmalıyıq. Təbii ki, növbəti oyun bugünkündən daha çətin olacaq. Amma biz də "Neftçi"yik, güclü kollektivimiz var. Kim çox səhvə yol versə, o komanda məğlub olacaq.

- Siz komandaya gələndə baş məşqçi Roberto Bordin idi, indi isə Füzuli Məmmədovun rəhbərliyi altında çıxış edirsiniz. Onların arasında hansısa fərqi hiss edirsiniz?

- Təxminən 10 gün Bordinin rəhbərliyi altında məşq etdim. Yoldaşlıq oyunları olduğu üçün nəsə deməkdə çətinlik çəkirəm. Füzuli müəllim böyük həvəslə işləyir. Çox yaxşı məşqlər keçir, taktiki sxemi uğurludur. Baş məşqçi kimi ilk oyunu idi. Düşünürəm ki, komanda get-gedə daha yaxşı çıxış edəcək. Bu gün sadəcə, azlıqda oynadığımız üçün istədiyimizi tam edə bilmədik. Amma 10 nəfərlə də qol vurmağı bacardıq. Bir daha təkrar edirəm, "Neftçi" 1:1 hesabına heç vaxt razılaşmamalıdır.

- Azərbaycanla İran çempionatları arasında fərq çox böyükdür?

- Bir oyuna əsasən nəsə deyə bilmərəm. Orada 9 il oynamışam. Təbii ki, fərqlər var. Burada sürətli, İranda isə texnikalı oyunçular çoxdur. İranda hər komandanın 5-6 texnikalı futbolçusu var. Əvəzində burada oyunun sürəti və ötürmələr daha yaxşıdır. Fərqlidir, ancaq hər iki çempionatın öz üstünlükləri var. Yeganə narahatlığım komandaya uyğunlaşmağımdır. Yavaş-yavaş bu problemi yoluna qoyduğumu hiss edirəm.

- "Neftçi"yə gələrkən elə bir danışıq olubmu ki, gələcəkdə Azərbaycan millisində oynayasan?

- İranın aşağı yaş qrupu üzrə millisində oynamışam. Əsas komanda ilə 2-3 toplanışda iştirak etsəm də, rəsmi oyunda meydana çıxmamışam. Buna görə də, hər şey ola bilər. Mən də Təbriz türküyəm. Niyə də olmasın? Azərbaycan millisinə çağırılsam, çox sevinərəm.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right