Famil Xəlilov: “Bu futbolçulara, bu nəslə inanmaq lazımdır”

Azərbaycanın U-15 millisinin baş məşqçisi Famil Xəlilov Bakıda keçirilən U-15 dünya çempionatında Əfqanıstanla matçdan sonra jurnalistlərə açıqlama verib.

Newsport.az xəbər verir ki, o, futbolçulara inanmaq lazım olduğunu deyib:

“Yaxşı nəticəyə ümid edirdik. Sadəcə, dünənki ağır məğlubiyyətdən sonra futbolçular psixoloji olaraq toparlana bilmədilər. Təbii ki, onları oyuna kökləməyə çalışdıq, amma təəssüf ki, bəzi məqamlarda yenə boşluqlar hiss olundu.

Bu futbolçulara, bu nəslə inanmaq lazımdır. Həqiqətən, çox istedadlı futbolçulardır. Oyunçuların keyfiyyəti ortadadır. Onların 14-15 yaşları var və belə bir turnirdə ilk dəfə çıxış edirlər. Aramızda ölkədən kənara çıxmayan futbolçular var. 6 gün ərzində 10-cu oyuna çıxmaq onlar üçün ağır təzyiqdir”.

Oyunçuların inkişafı üçün beynəlxalq yarışların vacibliyini qeyd edən baş məşqçi, klubların da üzərinə iş düşdüyünü bildirib:

“Futbolçuların yetişməsi üçün çoxlu beynəlxalq turnirə ehtiyac var. Kifayət qədər oyunlar keçirməli, daha güclü rəqiblərlə qarşılaşmalıdırlar ki, bu cür hallardan sonra oyuna köklənə bilsinlər. Bunun üçün daha çox turnir təşkil etmək vacibdir”.

Xəlilov gələcək planlardan da söz açıb:

“Rəhbərlik uşaqların ilk beynəlxalq turniri olduğunu nəzərə alaraq bizi dəstəklədi. Çatışmazlıqları bilirik, onların üzərində işləyəcəyik. Bundan sonra vaxtımız olacaq ki, komandanı növbəti il keçiriləcək U-17 Avropa çempionatının seçmə mərhələsinə tam hazırlayaq”.

Azərbaycan millisi FIFA U-15 dünya çempionatı və festivalında 83-cü yer uğrunda matçda Əfqanıstan yığması ilə qarşılaşıb. Hövsan Yarış Kompleksində keçirilən görüşün əsas vaxtı 3:3 hesabı ilə başa çatıb. Penaltilər seriyasında üstün (3:2) olan rəqib qalib gəlib.

Beləliklə, Azərbaycan yığması mundialı 84-cü pillədə başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right