Cavid Hüseynovun günahsız olduğunu isbatlayan faktlar: O, azadlığa buraxılmalıdır!

Jurnalist Rasim Əliyevin ölümü ilə bağlı 4 il azadlıqdan məhrum edilən futbolçu Cavid Hüseynovun taleyinə sentyabrın 2-də aydınlıq gələcək. Avqustun 19-da hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən apellyasiya şikayəti üzrə məhkəmə prosesində millimizin və "Qəbələ"nin sabiq üzvünün vəkilləri çıxış üçün vaxt istəyib.

 
Müdafiəçilər Hüseynovun həqiqətən də günahsız olduğunu isbatlayacaq. Ölkədə qanunların aliliyinə önəm verilirsə, 4 il azadlıqdan məhrum edilən Cavid məhkəmə zalından birbaşa azadlığa buraxılmalıdı. Necə? Bunu faktlara əsaslanaraq isbatlayırıq.
 
İlk olaraq bu iş üzrə 1-ci instansiya məhkəməsinin hökmündə keçən bir cümləni diqqətinizə çatdırmaq istərdik. Məhkəmə hökmünü əsaslandırarkən qeyd edir: "Məhkəmə işdəki sübutları araşdırıb təqsirləndirilən şəxsin və şahidlərin ifadəsini dinləyib, onların məcmusu üzrə qiymətləndirərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Hüseynov Cavid Şakir oğlunun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 307.1 və 307.2 maddələri ilə tövsif edilmişdir. Halbuki, istər Konstitusiya Məhkəmsinin Plenumu, istərsə də Ali Məhkəmənin plenumu qərarlarında məhkəmələrə, qərarlarını əsaslandırarkən hansı halın konkret olaraq hansı sübut və ya sübutlarla təsdiq olunduğunu göstərmələrinin zəruriliyi qeyd olunmuşdur. Həmin qərarlarda qeyd olunan bu zəruriyyət çox önəmlidir və təqsirləndirilənin, ümumiyyətlə işdə iştirak edən şəxslərin hüquqlarının qorunmasına xidmət edir. 
 
Belə ki, V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair  9 sentyabr 2005-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeyd edilmişdir ki, Məhkəmə hökmdə həm konkret məsələ üzrə gəldiyi nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. İş üzrə hökmdə konkret məsələ üzrə gəldiyi nəticəni təsdiqləyən sübuta istinat etmədən sübutlara məcmu halda qiymət verən 1-ci instansiya məhkəməsinəin hökmü qanuni və əsaslı hesab edilə bilməz. 
 
Belə olan halda da isə sual yaranır: Cavid Hüseynovu Cinayət Məcəlləsinin 307.2 bəndi ilə təqsirli bilən 1-ci instansiya məhkəməsi hökmü ilə, Rasim Əliyevin yerləşdiyi kliniki mərkəzə gələrək müxtəlif vədlər vermə yolu ilə sonuncunu cinayət haqqında rəsmi dövlət orqanlarına məlumat verməkdən çəkindirdiyi nəticəsinə gəlməsi faktı görəsən, konkret olaraq hansı sübut və ya sübutlarla təsdiq olundu? İşdə bunu təkzib edən sübutlar olmuşdumu və olmuşdusa bunlar hansı sübutlardır? 
1-ci instansiya məhkəməsinin nə səbəbdən, hökmündə iş üzrə sübutları sadalamaqla kifayətlənərək, Konstitusiya Məhkəməsinin qərarına zidd olaraq konkret məsələ üzrə gəldiyi nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməməsinin səbəbi aydınlıq qazanacaq. 
 
Diqqətinizə çatdırmaq istərdik ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının, Konstitusiya Məhkəməsinin qərarı ilə qüvvədən düşməsinin səbəblərindən biri də konkret məsələ üzrə gəldiyi nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad edilməməsi olmuşdur. 
 
Cavid Hüseynova qarşı irəli sürülmüş ittiham, həm də həmin ittihamın birəbir köçürməsi olan 1-ci instansiya məhkəməsinin bu iş üzrə hökmünün əsasını təşkil edən sübut və dəlillərə baxdığımız zaman açıq şəkildə müəyyən olunur ki, həmin sübutlar işin nəticəsi ilə, məhkəmənin gəldiyi nəticə ilə tamamən ziddiyət təşkil etdir. Bununla da 1-ci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Belə ki, iş üzrə toplanmış və ittihamın əsasını təşkil edən istənilən sübut, həm şahid ifadələri, həm telefon yazışmaları, həm də Cavid Hüseynovun verdiyi ifadə onu deməyə əsas verir ki, futbolçuya qarşı irəli sürülmüş ittihamın əsası yoxdur, 1-ci instansiya məhkəməsi Cavidin bu işdə günahsız olduğunu müəyyən edən sübutlar əsasında onu Cinayət Məcəlləsinin 307-ci maddəsinin həm 1-ci, həm də 2-ci bəndi üzrə təqsirli bilərək, dövlət ittihamçısının da istədiyi kimi 4 il müddətinə azadlıqdan məhrum etmişdir.
 
 
Həm ittiham aktından, həm də 1-ci instansiya məhkəməsinin hökmündən də anlaşılır ki, Cavidə istinad olunan ittihamlardan, ilki yəni, Cinayət Məcəlləsinin 307.1 bəndi üzrə ittihamın əsasını o təşkil edir ki, Hüseynov ağır cinayətin hazırlanması mərhələsində törədiləcək cinayət əməlindən xəbərdar olmuş, lakin bunun barəsində hüquq mühafizə orqanlarına xəbər verməmiş, cinayətin qarşısını almağa imkanı olsa da, bunu etməmişdir. Sadəcə, iş materiallarında olan sübutlardan anlaşılmır ki, ittiham tərəfi necə, hansı məntiqlə bu qənaətə gəlmişdir ki, Cavid hazırlanan ağır və xüsusilə ağır cinayət barədə məlumatlı idi və ya məlumatlı olmalı idi? Çünki ittihamın bu hissəsinin əsasını təşkil edən və sosial şəbəkələrdə yayılmış Cavid ilə Elşənin hadisədən öncəsinə təsadüf edən telefon yazışmalarından da anlaşılmır ki, Cavid hansı formada məlumatlı olmuşdur ki, bədənə ağır xəsarətlə müşaiyət olunan ağır cinayət hadisəsi törədiləcəkdi?!
 
Cinayət Məcəlləsinin 307.1 bəndinin təhlilindən də bilirik ki, hazırlanan ağır və xüsusilə ağır cinayət əməlinin xəbər verilməməsi cinayətinin subyekti olmaq ücün təqsirkarın sözü gedən cinayətin törədiləcəyi haqqında məlumatlı olması lazım idi. Bu məlumat ehtimal edilən deyil, yəqinliklə bilinən və sağlam mənbədən əldə olunmalı idi. Bu məlumat əsasında Cinayət Məcəlləsinin 307.1 bəndinin subyekti olan təqsirkar artıq əmin bir şəkildə xəbərdar olur ki, cinayət hadisəsi törədiləcək, törədilən cinayət ağır və xüsusilə ağır cinayətlər kateqoriyasından olacaq. 
 
Hadisədən öncə Cavid Hüseynov ilə, bibisi oğlu Elşənin telefon yazışmaları mətbuatda yayıldığından həmin yazışmanın içəriyindən bir çox adam xəbərdardır. 
 
Qısa olaraq həmin yazışmanın mətnini yada salaq. 
 
E.İsmayılov: Bunla mənə telefonda söyüş söydü.
 
C.Hüseynov: Lazım deyil.
               Eşidirsən lazım deyil.
 
E.İsmayılov: Qaqa ana söyüşü söydü.
 
C.Hüseynov: Onun nömrəsini ver mənə.
               Göndər mənə.
               Göndər.
               Göndər.
               Vso sənlik deyil.
 
E.İsmayılov: Yox qaqa qurban olum sən qarışma ana söyüşü söydü mənə.
 
C.Hüseynov: Ay Elşən bir gözlə onu sözlə yerinə otuzdurum sonra 
               Eşidirsən
               İndi üzr istəyəcək.
               Orda.
               Lazım deyil başqa söhbət. 
 
E.İsmayılov: Məndən üzr istəyəcək?
 
C.Hüseynov: Orda üzr istəyəcək. 
               Sən onu söymüsən, o da səni söyüb. 
               Harda görüşəcəksən yerini denən mənə gəlim. 
 
E.İsmayılov: Qaqa qurban olum sən özünü belə şeylərə soxma. 
 
C.Hüseynov: Yox da denən yerini.
 
E.İsmayılov: Bayılda. Görüşürəm onunla, Razin uşaqları da yığılır. 
 
C.Hüseynov: Lazım deyil də dedim sənə.
               Gözlə deyəcəm səndən üzr istəyəcək.
 
E.İsmayılov: Yaxşı qaqa üzr istəməsə gedəcəm ora. 
 
C.Hüseynov: Lazım deyil də dedim sənə.
               Gözlə deyəcəm səndən üzr istəyəcək.
 
E.İsmayılov: Yaxşı qaqa, üzr istəməsə gedəcəm ora.
               Yazmayıb qaqa.
 
C.Hüseynov: Yazacaq. Özü dedi ki, üzr istəyəcəm.
                Belə də məndən üzr istədi dedi lazımdısa orda da üzr istəyim.
                Dedim hə üzr istə yaz ki səhv başa düşülüb üzr istəyirik.
                Sən onun linkini göndər mənə facebookda baxacam.
                Göndər qaqa.
                Onun linkinə baxım.
 
 
Yazışmanın buraya qədər olan hissəsi hadisəyə qədər olan yazışmadır. Yazışma səhər saat 9:11  9:54 arasında aparılıb. 
 
E.İsmayılov: Qaqa bağışla, Allahaqqı bilmirdim söhbət sənin üstündə qurulacaq, sadəcə vasitəçi sən oldun o telefonu açan kimi mənə söyüşü söydü, var-yox, ana söyüşü söydü, mən bilmirdim bu qurma işdi, ondan sonra mən onunla görüşdüm. Nə ola ola özünü pis eləmə millətin içində yəni öz xeyrinə nədisə elə də elə. Onsuz da mənim adım çıxıb. Sən tanınmışsan sənə 100, 100 söz deyə bilər yaxşı mənada. Amma o mənə söyəndə yanımda uşaqlar vardı. Bilmirəm necə olacağını, necə də olursa olsun, bir dənə sən özünə söz gətirmə, bölmədi məhkəmədə türmədi cəhənnəm olsun onsuz da mən bu evdəkilərin əlindən bezmişəm birdənə futbola görə gün verib işıq vermirlər. Axır ki, sənə də ziyanım dəydi. Bağışla. 
 
E.İsmayılov: Qaqa mən ölkədən kənara çıxacam nəsə problem olmaz? Bu söhbətə görə?
 
C.Hüseynov: Yoxee heç yana çıxma otur yerində.
 
Yazışmanın bu hissəsi hadisədən sonra 5:52  6:25 arasında aparılıb. 
 
Yazışmanın birinci hissəsi, yəni hadisəyə qədər olan hissəsi diqqətlə oxunduğu zaman məlum olur ki, Elşən söyüldüyünü əsas gətirir, rəhmətlik Rasim ilə görüşmək niyyəti haqqında məlumat verir. Cavidin israrından sonra görüşün konkret olaraq harda olmasını yazmasa da Bayılda olacağını yazır. Cavid dəfələrlə onu bu fikirindən vaz keçirmək istəyir, rəhmətliyin üzr istəyəcəyini, başqa söhbət lazım olmadığını qeyd edir. Və israrı da nəticə vermiş kimi görünür. Belə ki, Elşən üzr istənməyəcəyi halda ora gedəcəyini yazır. Rəhmətlik də üzr istəyəcəyini bildirib. Artıq Caviddə bir arxayınçılıq var, rəhmətlik üzr istəməyə razıdır, Elşən üzr istəndiyi halda ora getməyəcək. Və hadisələrin bundan sonrakı gedişatından Cavid xəbərsiz olur. Cavid, üzr istənəcək, məsələ bağlanacaq zənnində olarkən Elşən və rəhmətlik Rasim bir daha danışıblar, anlaşıldığı qədər yenə söyüşüblər və görüşüblər. Məlum faciyə də olub. Bütün bunlar diqqətə alındığı zaman əminliklə söyləmək mümkündür ki, Cavid yəqinliklə, cinayəti törədən Elşəndən, mərhum Rasimdən aldığı məlumatlara görə hadisənin olmayacağını düşünür. Amma anlamaq mümkün deyil ki, sübutlara məcmu şəkildə qiymətləndirən məhkəmə nəyə görə müvəkkilimin ağır cinayətin törədiləcəyini bildiyi, əlində kifayət qədər təsir imkanları olduğu halda bundan istifadə etmədiyi nəticəsinə gəlmişdir.
 
Və ya Cavid Hüseynov hardan bilə bilərdi ki, rəhmətlik Rasim Əliyevin hadisə yerində alacağı xəsarətlər yüngül yox, az ağır yox, məhz ağır xəsarətlər olacaqdı?! Rəhmətlik Rasim Əliyevin işi üzrə təqsirləndirilənlərə verilən ittiham CM 126.3 yəni bədənə ağır xəsarət ehtiyatsızlıqdan ölümə səbəb olması ittihamı olmuşdur. Yəni təqsirləndirilənlər istəmədikləri halda ehtiyatsızlıqdan Rasimin ölümünə səbəb olmuşlar. Hadisəni törədənlərinin planlarında olmayan, ehtiyatsızlıqlarının nəticəsi olan bir əməl üzrə başqa birisinə sən belə bir nəticəli əməlin törədiləcəyini cinayətin hazırlıq aşamasında bilirdin və xəbər verməli idin ittihamı ilə qarşı qarşıya qoymaq nə qədər hüquqi, əsaslı və məntiqli ola bilərdi?! Hətta hadisədən sonra rəhmətliyin müalicə həkimi belə onun xəsarətinin dərəcəsini müəyyən edə bilməyib ki, nəticəsi də belə ağır oldu.
 
Amma ittiham tərəfi iddia edir ki, Cavid hadisə öncəsi rəhmətliyə, yəni mərhum Rasim Əliyevə yetiriləcək bədən xəsarətlərinin dərəcəsini bilirdi, bilirdi ki, o bədənə ağır xəsarət alacaq. Bu, absurddur. Müvəkkilimin bibisi oğlu Elşənlə hadisədən öncəki telefon yazışmalarından da müəyyən etmək olur ki, Elşən mərhumla görüşəcəyi zaman ona qarşı törətmək niyyətində olduğu əməllər haqqında məlumat vermir. Hətta Cavidi əmin etməyə çalışır ki, başqa söhbət olmayacaq. Həmin telefon yazışmalarında törədiləcək əməl barədə, hadisəni törədən Elşənin əsil niyyəti barədə yəqinliklə məlumat almaq mümkün deyildi. 
 
Təhlil olunan cinayətin, yəni Cinayət Məcəlləsi 307.1 bəndi üzrə əməlin subyektiv cəhəti birbaşa qəsdlə xarakterizə edilir. Yəni təksirkar ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və törədilməsini yəqinliklə bilir, bu barədə xəbər vermədiyini dərk edir və bunu arzu edir. Burada diqqət ediləsi məsələ ondadır ki, sözü gedən cinayət əməlinin subyektiv cəhətinin reallaşması üçün təqsirkarın həmin hadisənin yəqinliklə olacağını ehtimal etməsi deyil, həmin hadisənin hazırlanmasını və törədilməsini bilməsi və bu məlumatı dövlət orqanlarına xəbər verilməməsini arzu etməsi, dərk etməsi lazımdır. Hadisə öncəsi Cavid ilə bibisi oğlu Elşənin telefon yazışmasından qəti şəkildə müəyyən olunur ki, Hüseynov bu cinayət hadisəsinin və ya buna bənzər hər hansı hadisənin olmasını arzu etmir və bir müddət sonra da olmayacağından da əmin olur. Dəfələrlə Elşənə "başqa hərəkət lazım deyil" yazır. Açıq şəkildə görünür ki, Cavidin əməlində subyektiv cəhət olan birbaşa qəsd yoxdur. Təhlil olunan cinayətdə, birbaşa qəsd yoxdursa, cinayət əməli də yoxdur. 
 
Həm ittiham tərəfi, həm 1-ci instansiya məhkəməsi gəldikləri nəticəyə belə deyək ki, bəzək vermək üçün belə bir yuvarlak cümlədən istifadə edib: "Cavid hadisənin qarşısını almaq imkanı olduğu halda bibisi oğlu Elşəni bu yoldan çəkindirməyib". Halbuki, Cavid telefon mesajlarında dəfələrlə başqa bir şey olmaması üçün Elşəni xəbərdar edib. Hətta qarşı tərəf olan Elşən bununla da razılaşır ki, heç bir şey olmayacaq. Yaxşı yuxarıdakı yuvarlaq cümlə nədi, bu mesaj yazışmaları nədi?!
 
Bu səbəbdən də 1-ci instansiya məhkəməsi, Cavidin ağır cinayətin hazırlanmasını bilərək cinayət barədə xəbər verməməsi, Elşənə kifayət qədər təsir imkanları olduğu halda onu qanunsuz əməldən çəkindirməməsi nəticəsinə konkret hansı sübüt və ya sübutlar əsasında gəldiyini qeyd etmir, sübutlara məcmu halda qiymət verməklə kifayətlənir. Çünki, məhkəmənin belə bir nəticəyə gəlməsini təsdiq edən sübut iş materiallarında yoxdur. Diqqət edin məhkəmə hökmdə tərəflər arasında keçən yazışmaların məzmununa istinad etmir. Çünki, həmin yazışmaların məzmunu Cavid Hüseynovun günahsızlığının birəbir sübutudur.  
 
Futbolçuya qarşı irəli sürülmüş ittihamın ikinci bəndi olan CM 307.2  Qabaqcadan vəd vermədən cinayəti gizlətmə ittihamı üzrə bildirmək istəyirik ki, ittihamın əsasını Cavid hadisə sonrası rəhmətlik Rasim Əliyevi xəstəxanada ziyarət edərkən ona müxtəlif vədlər verərək şikayətdən vaz keçirməyə çalışmışması, daha sonra bibisi oğlu Elşəndən onunla olan telefon yazışmalarının silinməsini istəməsi təşkil edir. Halbuki, iş materiallarında, 1-ci instansiya məhkəməsində dindirilmiş, Cavidin mərhum Rasim Əliyevi xəstəxanada ziyarət edərkən yanlarında olmuş hər iki şahidi, həm Mahmudov Aydın, həm də Səfiyarlı Səbuhi Cavid tərəfindən mərhuma şikayətçi olmaması üçün vədlər verdiyinə dair heç bir ifadələri, ümumiyyətlə bu halı təsdiq edən hər hansı bir sübut iş materiallarında yoxdur. 
 
Rəhmətlik Rasim Əliyevin dostu olduğu bildirilən iş üzrə şahid Aydın Mahmudov məhkəmədə verdiyi ifadəsində bildirmişdir ki, xəstəxanada Cavid Rasimi ziyarət edərkən onu döyən şəxslərlə görüşdüyünü, özləri aralarında bu söhbəti həll etdiklərini, indi sağalması üçün hər cür kömək edəcəyini bildirmişdir. Rasim isə Cavidə onu görüşə çağıran şəxslərlə çay içəcəklərini dediyi üçün görüşdüyünü söyləmişdir. Daha sonra Cavid sağollaşıb getmiş və Rasimin də şikayət etmək fikri olmamışdır. 
 
Şahid Səfiyarlı Səbuhi ifadəsində bildirir ki, Cavid Rasimə onunla telefonda danışıb məsələni həll etdiklərini deyərək niyə bundan sonra kiminləsə görüşdüyünü soruşmuşdur. Rasim isə Cavidlə danışdıqdan sonra həmin oğlanın onunla görüşüb çay içməyə dəvət etdiyini və bundan Cavidin xəbərdar olmasını düşündüyünü bildirmişdir. Cavid əvvəldən hadisə barədə məlumatlı olmadığını, Rasimin həmin şəxslərlə nahaq görüşdüyünü bildirmişdir. Daha sonra Cavid palatadan çıxmış və ora 3 polis əməkdaşı daxil olub Rasimə 102 xidmətinə zəng etdiyini və nə məsələ olduğunu aydınlaşdırmışlar. Hətta həmin görüşün şahidi olan, mərhum Rasim Əliyevin dostu şahid  Aydın Mahmudov 1-ci instansiyada məhkəmə istintaqı zamanı ona bu mövzuda verilən suala cavabı "Allah göydən baxır, mən Cavidin mərhuma vədlər verərək şikayətçi olma sözünü eşitməmişəm" olmuşdur. Belə olan halda 1-ci instansiya məhkəməsi işdə olan hansı subutlar əsasında belə bir nəticəyə gəlmişdir ki, Cavidin vəd vermədən ağır cinayəti gizlətmə əməli sübutların məcmusu ilə öz əksini tapır. İş materiallarında olan o hansı sübutlardır ki, bu halı təsdiq edir?! Cavidin mərhum Rasim Əliyevi xəstəxanada ziyarətindən dərhal sonra hüquq-mühafizə orqanları tərəfindən Rasimin ifadəsi alınmış, hətta bundan da əvvəl bütün sosial mediya iştirakçıları hadisədən və törədənləri barədə xəbərdar olmuşdur. Mərhum Rasim Əliyev dünyasını dəyişəndən bir neçə saat sonra hadisənin təqsirkarları saxlanılmış, istintaqa təhvil verilmişdir. Bəlkə də, bu, bu günə qədər  jurnalistlərə qarşı törədilmiş, təqsirkarların ən erkən müəyyən edilərək ədalətə təhvil verildiyi bir cinayət hadisəsidi. Belə olan halda Cavid tərəfindən hansı cinayətin gizlədilməsinə cəhd edildi və hansı cinayət gizli saxlanıldı?! Belə olan halda 1-ci instansiya məhkəmsi necə, hansı formada, hansı sübutlara söykənərək Cavidi Cinayət Məcəlləsinin 307.2 qabaqcadan vəd vermədən cinayəti gizlətmədə təqsirli bilmişdir?! 
 
Həmçinin anlamaq olmur ki, Cavidin bibisi oğlu Elşəndən telefon yazışmalarının özünə aid hissəsinin silinməsini istəməsi, həm ittiham tərəfindən həm də 1-ci instansiya məhkəməsi tərəfindən hansı əsasla Cavidin bibisi oğlu Elşənin törətdiyi cinayətin gizlədilməsi kimi qiymətləndirmişdir. Cavidin niyyəti cinayətin izlərinin gizlədilməsi olsaydı, hadisə sonrası ölkəni tərk etmək istəyən Elşənə "otur yerində" deyərmiydi?! Cavidin buradakı məqsədi özünə aid yazıların silinməsi, törətmədiyi,  iştirakçısı olmadığı, xəbərdar olmadığı, amma istəmədiyi halda adının keçdiyi, bir cinayət hadisəsində şübhə altında olmaması olmuşdur. Hansı cinayətin gizlədilməsidir ki, bu hadisədən dərhal sonra bütün media hadisə barədə, törədənlər, onlardan birinin Cavidin qohumu olduğunu, hadisənin törədilmə səbəbi haqqında yazmışdılar, mən də daxil minlərlə insan bundan xəbərdar olmuşduq. Hətta mərhumun özü belə hadisə barədə mediaya danışmışdır. Bütün bunlardan sonra gizli saxlanmaq istənən nə ola bilərdi ki?! Məgər, Cavid Elşəndən cinayətin digər iştirakçıları olan məsələn Ariflə, Camalla olan yazışmaların silinməsini də istəmişdi?! Hə belə bir istəyi olmuş olsaydı, düşünmək olardı ki, Cavidin niyyəti başqalarının törətdiyi cinayətin gizli saxlanması olub. Amma Cavid öz yazışmalarının silinməsini istəmiş olsa belə, bir daha qeyd edirəm bu başqalarının törətmiş olduğu cinayətin izlərinin gizlədilməsi kimi qəbul edilə bilməzdi. Bununla Cavid oturduğu yerdə işə düşdüyünü dərk edir, bilir ki, bu iş sonunda onun başında çatlayacaq və bunula da başqalarının törətmiş olduğu cinayəti gizlətmir, özünü əsassız günahlandırılmaqdan qoruyur. Ziddiyətli məqama baxın, ittiham tərəfi iddia edir ki, cinayətin hazırlanması mərhələsində Cavid ağır cinayətin törədiləcəyindən xəbərdar idi, bu haqda dövlət orqanlarına məlumat verməmişdir. 
 
Hadisənin olduğu gün səhər saat  9:11 ilə  9:54 arasında Cavid ilə Elşən arasında yuxarıda qeyd etdiyim telefon yazışması olub. Cavid həmin yazışmada məsələnin böyüməməsi üçün əlindən gələni edir. Hadisə olandan  sonra da Cavid Elşəndən yazışmalarının özünə aid hissəsinin silinməsini istəyib. Onda heç kimdə belə bir sual yaranmırmı ki, əgər Cavid hazırlıq mərhələsində törədiləcək ağır cinayəttən xəbərdar idisə, yəqinliklə bu hadisənin olacağını bilirdisə,  9:11 ilə 9:54 aralığındakı yəni, hadisədən öncəki yazışmalarda bu yazıların silinməsin niyə istəməyib ki?! Hadisədən sonra istəyib. Hadisənin olacağını əvvəlcədən, hazırlıq mərhələsində bilirdisə, elə cinayətin gizlədilməsi tədbirlərini də elə o vaxtdan alardı da. Axı itiham tərəfi iddia edir ki, Cavid hadisədən qabaq ağır cinayətin törədiləcəyini bilirdi. Cinayətin törədiləcəyini bilən adam həmin yazışmaların silinməsini elə o vaxt istəyərdi də, niyə hadisə sonrasına saxlamalıdır ki?!  Və ya ağır cinayətin törədiləcəyini əvvəlcədən bilən, hadisədən sonra da bu cinayətin izlərini gizlətməyə çalışan birisi hadisənin olacağını bilirdisə telefonda niyə yazışır və sonra da onun silinməsini istəsin. Cavabı hərkəsə aydındır, Cavid hadisədən qabaq belə bir ağır cinayətin törədiləcəyini bilmirdi və bilə də bilməzdi. Hadisə olandan sonra, oturduğu yerdə işə düşdüyünü, iştirakçısı olmadığı, törətmədiyi, arzu etmədiyi bir cinayətə görə şübhə altında qalmamaq, qınaq obyekti olmamaq üçün yazıların özünə aid hissəsinin silinməsini istəyib. Və zaman da bizə göstərdi ki, Cavid bu düşüncəsində nə qədər haqlı imiş. Artıq bir ildən çoxdur ki, günahsız yerə həbsdədir. Qondarma, heç bir əsası olmayan ittihamlarla üz-üzədir. Hətta, Elşən hadisə sonrası ölkəni tərk etmək istəyi barədə bildirəndə ,Cavid buna etirazını bildirməklə cinayətkarın gizlənməsinin qarşısını almışdır. Bu fakt iş materiallarında olduğu halda, bütün cəmiyyətin bundan xəbərdar olduğu halda birisini cinayətin gizlədilməsində ittiham etmək nə qədər ədalətli ola bilər?!
 
Həmçinin diqqətinizə çatdırmaq istərdik ki, Cinayət Məcəlləsinin 307.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin obyektiv cəhəti qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmədə ifadə olunmuşdur. Burada gizlətmə dedikdə, qabaqcadan vəd etmədən cinayətkarın özünün, cinayətin izlərinin, cinayətin törədildiyi alət və vasitələrin, eləcə də cinayət nəticəsində əldə edilmiş əşyaların təqsirkar tərəfindən gizlədilməsində ifadə olunan hərəkətlər başa düşülür. 
 
Cinayət Məcəlləsinin 307.2-ci maddəsində də nəzərdə tutulmuş cinayətin subyektiv cəhətdən birbaşa qəsdlə edilir. Təqsirkar ağır cinayəti qabaqcadan vəd etmədən gizlətdiyini dərk edir bunu törətməyi arzu edir. Hər kəsə aşikar olan, hər kəsin xəbərdar olduğu cinayət əməlini dərk və arzu edərək gizlətmək mümkündürmü?!  
 
Təhlil edilən cinayət əməli, cinayətkarın özünün, cinayətin izlərinin, cinayətin törədildiyi alət və vasitələrin, eləcə də cinayət nəticəsində əldə edilmiş əşyaların gizlədildiyi andan başa çatmış hesab olunur. Yəni təqsirləndirilən şəxs cinayətkarın özünün, cinayətin izlərinin, cinayətin törədildiyi alət və vasitələrin, eləcə də cinayət nəticəsində əldə edilmiş əşyaların gizlətmək istəsə də, bunun üçün hazırlıq aşamasına gəlsə də, buna cəhd etmiş olsa da,  cinayətkarın özü, cinayətin izləri, cinayətin törədildiyi alət və vasitələr, eləcə də cinayət nəticəsində əldə edilmiş əşyalar gizlədilə bilmirsə, cinayət başa çatmır.
 
Yəni, cinayətkarın özünün, cinayətin izlərinin, cinayətin törədildiyi alət və vasitələrin, eləcə də cinayət nəticəsində əldə edilmiş əşyaların gizlədilməsini dərk və arzu etmək bu cinayətin başa çatməsı üçün kifayət deyil, cinayətin başa çatması üçün törədilən əməl dərk edilməli, arzu edilməli və ən əsası cinayət gizli saxlanılmalıdır. Bir daha sual edilir hansı cinayət gizli saxlanıldı?! Bir daha sual edilir jurnalistlərə qarşı törədilmiş, bu çevikliklə hadisənin üstünün açıldığı, təqsirkarların istintaqa təhvil verildiyi başqa bir hadisə xatırlayan varmı?! Və biz şahidiyik ki, Cavid Hüseynovun qanunsuz olaraq, başa çatdığı belə ittiham tərəfindən əsaslandırıla bilməyən bir cinayət əməlində ittihama məruz qalması azmış kimi, başa çatmış cinayətlə  təqsirləndirilir və maddənin sanksiyası çərçivəsində ən ağır cəza növündə və yuxarı həddə cəzalandırılmışdır. 
 
1-ci instansiyası məhkəməsinin konkret məsələlər üzrə gəldiyi nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməməsinin səbəbi də yuxarıda qeyd etdiyimiz hallar olmuşdur. 
 
Mənası düzgün anlaşılmayan bir əl hərəkətinə görə haqsız yerə qınaq obyekti olan da, özünü bilməz, hədsiz qohumunun və onun dostlarının əməllərinə görə haqsız yerə məhkum olunan da Caviddir.
 
Yuxarıda qeyd etdiyimiz hallar, onu göstərir ki, Hüseynovun bu işdə təqsiri olmaması səbəbindən bu hal nə istintaqda, nə məhkəmədə sübut olunmamışdır. Cavid Hüseynov qanunsuz və əsassız olaraq təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bu səbəbdən də bu iş üzrə verilmiş apellyasiya şikayəti əsaslıdır və təmin edilməlidir. Millimizin və "Qəbələ"nin sabiq üzvü bəraat almalıdır və sentyabrın 2-də keçiriləcək məhkəmədən azadlığa buraxılmalıdır. 
 
EMİN SƏFƏROV / Futbol11.az 
 
P.S. Yazıda Cavid Hüseynovun vəkili İlqar Muayevin müdafiəsindən istifadə edilmişdir.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right